"Çernobl meşələri" dünyanın kabusuna çevirilə bilər
12 Avqust 2010 Cümə Axşamı 22:25
Ekoloqlar yanğınların havada radioaktiv maddələrin miqdarını artıracağını düşünürlər.
Rusiyadakı meşə yanğınlarının Bryansk ətrafındakı “Çernobl meşələri”nə çatması ciddi təhlükə yaradıb. Ekoloqlar yanğınların havada radioaktiv maddələrin miqdarını artıracağı və bunun həm Rusiya, həm də region ölkələri üçün fəlakətə səbəb olacağı ilə bağlı xəbərdarlıq edirlər.
Türkiyənin kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Rusiyanın “Green peace” təşkilatı fəlakətin qarşısını almaq üçün Ankaradan təcili kömək istəyib. Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu da radioaktiv çirklənmə ərazisindəki meşə yanğınlarının radioaktiv tozu havaya qaldıracağını bildirib.
Mütəxəssislər Rusiyada yanğınlarla mübarizə üçün büdcədən 300 milyon rubl ayrılmasına baxmayaraq, işin payız yağışları yağanadək tam sona çatdırılacağına inanmırlar. Ölkədə hələ də fəal olan 562 yanğın ocağı 81 min hektar ərazini əhatə edir.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi son sutkalar ərzində ölkədə təbii yanğınların sayının aşağı düşdüyünü bildirib. Ümumilikdə isə Rusiyada yanğın ərazisini 10 min hektar azaltmaq mümkün olub. Rusiya prezidenti Dmitri Medvedev yanğınların baş verdiyi 7 regiondan 3-də fövqəladə vəziyyət rejimini ləğv edib.
Azərbaycandan Rusiyaya yanğının söndürülməsində iştirak etmək üçün jgöndərilən iki helikopetr isə Ryazan vilayətində meşə yanğınları ilə mübarizəni davam etdirir. Azərbaycanın FHN Aviasiya heyətinin rəisi Əşrəf Qasımov indiyə qədər 40-a yaxın uçuş həyata keçirdiklərini bildirib.
Paytaxt Moskvada ekoloji vəziyyətə gəldikdə isə, hazırda duman və tüstü dağılıb, yanıq qoxusu çəkilib. Lakin həftənin sonunda paytaxtı yenidən duman və tüstünün bürüyəcəyi gözlənilir. Meteoroloqlar bunu küləyin İsitiqamətinin dəyişməsi ilə əlaqələndirirlər. Yaxın günlərdə Moskvada havanın temperaturunun 30-32, regionlarda isə 29-34 selsi dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: