Çernobıl veteranlarına müjdə
22 Aprel 2011 Cümə 20:03
Çernobıl qəzasının ləğvində iştirak etmiş və zərərçəkmiş Azərbaycan vətəndaşları birdəfəlik yardım alacaq.
Azərbaycan prezidenti İlham Əliyev Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzanın ildönümü münasibətlə imzalanan sərəncama görə, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə 200 manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 100 000 manat məbləğində vəsait ayrılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Qeyd edək ki, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəza nəticəsində böyük bir ərazi xarabalığa çevrilib, yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalmış, çarəsiz xəstəliyə düçar olub. Həmin qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak etmiş minlərlə Azərbaycan vətəndaşı zərər çəkib, ötən müddət ərzində onların bir çoxu dünyasını dəyişib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar