Bürclər bu həftə nə vəd edir?
28 Fevral 2010 Bazar 09:20
Mart ayının ilk həftəsi üçün astroloji proqnoz
QOÇ - Astroloji göstəricilər martın 3-nə qədər üzücü məqamlar keçirəcəyini xəbər verir. Düşüncələrinizi dilə gətirməyə çalışın. Sizə dəstək ola bilən hər kəsə müraciət etməlisiniz. Həftənin qalan günlərində isə sənədləşdirmə və məişət problemləri ilə məşğul olmağınız məsləhətdir. Şənbə günü ciddi bir ideyanıza doğru əsaslı addım atacaqsınız.
BUĞA - İxtiyarınızda olan həftə ərzində yeganə probleminiz pulla bağlı ola bilər. Bunu nəzərə alıb şəxsi büdcənizi lazımsız məsrəflərə xərcləməməlisiniz. Qalan məsələlərdə isə cərəyan edən situasiyalar zövqünüzə uyğun olacaq. Ulduzların düzümü ayın 4-dən etibarən yeni iş təklifləri alacağınızdan xəbər verir. Sevgi münasibətlərində soyuqluq göstərməyin.
ƏKİZLƏR - Həftəboyu özünüzü bütünlüklə iş prinsipinə həsr edin. Münasibətlərlə bağlı məsələləri arxa plana keçirin. Ən azı ona görə ki, bu həftə fəaliyyətinizlə bağlı böyük dönüş gözlənilir. Mühüm sirlərinizi kimə gəldi, açmayın. Məxfi planlarınızı ən etibar etdiyiniz adamlara açsanız, nəticədə qalib olacaqsınız. Pulla bağlı sevinəcəyiniz də gözlənilir. 3-4 mart aralığında müqəddəs ziyarətgahlara baş çəkin.
XƏRÇƏNG - Çox güman ki, bu həftə dincəlməyə vaxt tapmayacaqsınız. Çünki qarşınızda duran öhdəliklərin çoxluğu istirahətinizin qarşısını alacaq. Məqsədlərinizin ləng inkişafı sizi gərginləşdirməməlidir. Nə qədər səbrli olsanız, özünüzə xeyirdir. Bəri başdan yadda saxlayın ki, martın bu ərəfəsində səhhətinizi xüsusilə qorumalısınız.
ŞİR - Hər xırda məsələni də dəfələrlə ölçüb-biçməlisiniz. Əks təqdirdə rastlaşdığınız hadisələr uzunmüddətli başağrınıza səbəb olacaq. Ulduzlar həftənin bütün günlərində ehtiyatlılıq nümayiş etdirməyinizi tövsiyə edir. Yalnız martın 5-də xırda uğurlarınız mümkündür. Yaşca özünüzdən böyük olanlara qulaq asın. Davranışlarda diliacılıq etməyin.
QIZ - Təəssüf ki, ayın 4-dən başqa həftənin bütün günləri sizin üçün gərgin keçə bilər. Deməli, ixtiyarınızda olan bu müddətdə bütün ciddi və riskli işlərinizin həllini təxirə salmalısınız. Kənar təsirlərə, ağlınız kəsməyən məsələlərə o qədər də aludə olmayın. Vaxtınızın əsas hissəsini evdə - ailənizlə bir yerdə keçirin. Uzaq səfərə çıxmaq isə qətiyyən yolverilməzdir.
TƏRƏZİ - 2-4 mart tarixlərində mənfi enerjili Ay bürcünüzdə qərar tutduğundan işləriniz gərgin tərzdə inkişaf edəcək. Hətta səbəbsiz yerə konfliktlərə də cəlb oluna bilərsiniz. Ulduzlara qulaq asıb özünüzü təmkinli aparın. Qalan günlərdə isə daxili süstlüyünüz tamamilə əriyəcək. Sədaqətli dostlarınız tərəfindən sevindiriləcəyiniz də gözlənilir. Ciddi məbləğ olmasa da, ayın 5-də qazanc gözlənilir.
ƏQRƏB - Ayın 3-nə qədər qarşılıqlı münasibətlərdə vəziyyət o qədər də ürəkaçan olmayacaq. Ailə üzvlərinizlə, eləcə də sevdiyiniz adamlarla davranışları mülayimləşdirin. Bunu bacarsanız, sonrakı ərəfədə bütün proseslər ürəyiniz istədiyi tərzdə cərəyan edəcək. Şəxsi işlərinizdə möhtəşəm dönüş də gözlənilir. Çərşənbə axşamı özünüzü soyuqdəymədən qorumalısınız.
OXATAN - Əgər səhhətinizin qayğısına qala bilsəniz, həftəboyu heç bir narahatçılığınız olmayacaq. Martın 6-sı istisna olunmaqla bu ərəfədə işgüzar əlaqələri genişləndirə biləcəksiniz. Hətta iş üslubunda əsaslı dəyişikliklər etmək üçün də uğurlu vaxtdır. Ayın 5-də fəaliyyətlə bağlı bir neçə sürprizin şahidi olacaqsınız.
OĞLAQ - Müəyyən məziyyətlərinə görə gərgin həftə hesab etmək olar. Çünki bir tərəfdən səhhətinizin xoşagəlməzliyi, digər tərəfdənsə ciddi cəhdlərinizin boşa çıxması sizi məyus edə bilər. Əgər özünüzü yaxşı hiss etməsəniz, həkimə müraciət etməkdən çəkinməməlisiniz. Martın 5-də nüfuzlu şəxslərlə mübahisələriniz mümkündür.
SUTÖKƏN - İxtiyarınızda olan bu həftə sizə sürprizlər bəxş edəcək. Qarşılıqlı münasibətlərdə müəyyən gərginlik müşahidə olunsa da, bu, ümumi iş prinsipinə mane olmayacaq. Ələlxüsus da ayın 3-dən sonra karyeranızda yüksəliş baş qaldıracaq. Bazar gününü səyahət və gəzintilərə həsr edin ki, sonrakı müddət üçün enerji toplaya biləsiniz. Göstərilən təqvimdə büdcənizi artırmaq imkanı da var.
BALIQLAR - Rəqiblərinizlə baş-başa gələ bilərsiniz. Əgər tədbirli olmasanız, vəziyyət ziyanınıza işləyə bilər. Tək əldən səs çıxmadığını nəzərə alıb müttəfiqlərinizi təyin etməlisiniz. Göy qübbəsi yaxın ətraflarınız tərəfindən aldanma ehtimalınız olduğunu da bildirir. Buna hazır olun. Pulla bağlı problemləriniz yalnız ayın 3-dən etibarən qaydasına düşəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: