Bu veziyyet dözülmezdir
28 May 2013 Çərşənbə Axşamı 02:35
Ya hərb yolu, ya sülh yolu! Biz hər iki varianta hazırıq.
“Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən vacib məsələdir. Bu, həm xarici, həm də daxili siyasət məsələsidir. Bu, ədalət, beynəlxalq hüquq məsələsidir. Əfsuslar olsun ki, bu istiqamətdə irəliləyiş yoxdur və bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatlarına əməl etmir, status-kvonu mümkün qədər çox saxlamaq, dəyişməz olaraq saxlamaq istəyir. Danışıqlarda özünü səmimi aparmır, yalan bəyanatlarla, riyakar davranışla fərqlənir. Beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir və məsələ ilə bağlı olan vasitəçi qurumların tələblərinə əməl etmir”.

ANS PRESS-in məlumatına görə, bunu mayın 27-də Respublika Günü ilə bağlı rəsmi qəbuldakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Azərbaycanın çoxsaylı səylərinin cavabsız qaldığını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan 2009-cu ilin sonunda Minsk qrupu tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsiplərinə öz razılığını vermişdi. “Hesab etmişdik ki, bu prinsiplər böyük sülh müqaviləsi üçün əsas ola bilər. Təklif etdik ki, yubanmadan, vaxt itirmədən böyük sülh müqaviləsi üzərində iş aparılmalıdır. Ermənistan o təklifləri rədd etdi. Ondan sonrakı dövr ərzində bütün imkanlarını səfərbər etmişdir ki, danışıqlarda bax bu durğunluq vəziyyəti yaransın və möhkəmlənsin”, - Prezident əlavə edib.

- Biz bununla barışa bilmərik. Biz danışıqların aparılmasında maraqlıyıq. Ancaq danışıqlar mahiyyət üzrə aparılmalıdır. Azərbaycan məsələnin həllində ən maraqlı tərəfdir. Ermənistan sadəcə çalışır ki, vaxtı uzatsın. Əgər Ermənistanın maraqlarını onların siyasətçiləri nəzərə alsalar görərlər ki, vaxt uzatmaq onları daha da ağır vəziyyətə gətirib salacaqdır. Ancaq buna baxmayaraq, bu, taktiki gedişlərdir. Ermənistan vaxt uzatmaq taktikasını seçibdir, danışıqlar naminə danışıqlar aparmaq fikrindədir, - İlham Əliyev çıxışına davam edib.

- O ki qaldı vasitəçilərə, əfsuslar olsun ki, vasitəçilərin əsas fəaliyyət istiqaməti atəşkəsi saxlamaqdan ibarətdir. Biz də atəşkəsi saxlamaq istəyirik. Ancaq, eyni zamanda, biz ərazi bütövlüyümüzün bərpasını istəyirik, bunu tələb edirik. Beynəlxalq hüquq bunu tələb edir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri bunu tələb edir. Ona görə Azərbaycanın maraqları burada müəyyən dərəcədə fərqlənir. Biz də istəyirik ki, sülh olsun. Biz də istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, amma həll edilsin. Ermənistan məsələnin həlini istəmir. Status-kvonu, yenə də deyirəm, nə qədər çox saxlaya bilsə, o qədər də saxlamaq istəyir. Vasitəçilər də əfsuslar ki, son zamanlar etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində vəziyyətin sabitləşdirilməsi və bilavasitə danışıqların mahiyyətinə aid olmayan digər məsələlərlə daha çox məşğul olurlar.

Bu vəziyyət dözülməzdir, qəbuledilməzdir, dəyişdirilməlidir. Əgər danışıqlar aparılacaqsa mahiyyət üzrə aparmalıdır. Mahiyyət isə ondan ibarətdir ki, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa edilməli, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir.

Münaqişə həll edildikdən sonra Dağlıq Qarabağda yaşayan və oraya qayıdacaq vətəndaşların gələcəyinə toxunan dövlət başçısı, bununla bağlı dünyada müsbət təcrübə, muxtariyyətlər, o cümlədən Avropa qitəsində müsbət təcrübələr olduğunu xatırladıb. “Bax bu təcrübədən kənara çıxmadan özünüidarəetmə prinsipi həllini tapa bilər”, - İlham Əliyev vurğulayıb.

Dağlıq Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olduğunu deyən Prezident, bunu gələcəkdə də belə olacağına təminat verib. Xüsusi olaraq vurğulayıb ki, ərazi bütövlüyü məsələlərində Azərbaycan tərəfindən zərrə qədər güzəşt olmayacaq.
- Hesab edirəm ki, biz bu istiqamətdə gələcək fəaliyyətimizlə bağlı indi daha da ciddi addımlar atmalıyıq. Burada əslində seçim o qədər də böyük deyil. Ya hərb yolu, ya sülh yolu! Biz hər iki varianta hazırıq. Hərb yolunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi özünümüdafiə imkanlarını bizə tanıyır və beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan ərazilərdə Azərbaycan istənilən vaxt istənilən əməliyyatı apara bilər.

Sadəcə olaraq, biz hələlik çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Hesab edirəm ki, bu istiqamətdə imkanlar hələ tam tükənməyib. Məsələni sülh yolu ilə tezliklə və ədalətli şəkildə həll etmək üçün biz öz səylərimizi daha da gücləndirməliyik. Xarici, daxili siyasətlə, iqtisadi sahə ilə bağlı biz daha da güclü olmalıyıq və oluruq.

İlham Əliyev əlavə edib ki, biz Ermənistanı bundan sonra da bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə saxlamalıyıq. Bu taktika və bu siyasət öz bəhrəsini verir. Ermənistanın öz rəsmi statistikasına görə, hər il o ölkəni 80-100 min adam həmişəlik tərk edir. O ölkədə depopulyasiya meylləri güclənir, demoqrafik böhran yaşanır. Bu böhran getdikcə dərinləşəcəkdir. Çünki əmək qabiliyyətli nə qədər çox insan oradan çıxırsa, iqtisadiyyatın dirçəlməsi imkanları da o qədər azalır. İqtisadiyyatın dirçəlməsinə gəldikdə isə, ümumiyyətlə belə perspektivlər yoxdur. Orada tamamilə staqnasiya dövrü yaşanır.

Biz öz səylərimizi, öz ölkəmizi gücləndirməliyik. Bütün imkanlardan istifadə edib daha da böyük potensial əldə etməliyik. Bu potensial həm də hərbi potensialdır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur.

Bizim xarici siyasətimiz öz bəhrəsini verir. Son on il ərzində ikitərəfli formatda görüşdüyüm dövlət başçılarının mütləq əksəriyyəti ilə imzalanmış yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü prinsipləri əks olunub.

İqtisadi sahədə islahatlarımızı gücləndirməliyik. Beləliklə, hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz daha da güclü olacaq. Əgər bir qədər qabağa baxsaq, - mən keçən dəfə də bu barədə danışmışam, bu gün də demək istəyirəm, - demoqrafik vəziyyət də öz müsbət rolunu oynayacaq və artıq oynayır. Bu gün Azərbaycan əhalisi 9 milyon 500 minə yaxınlaşır. Ermənistanda isə 2 milyondan az əhali yaşayır. Əgər bizim əhalimiz bu templərlə artsa, Ermənistan əhalisi azalsa, təqribən 5-7 ildən sonra bizim əhalimiz on dəfə çox olacaqdır. Bu da özlüyündə bir güc mənbəyidir. Azərbaycanın uğurlu iqtisadi siyasətini, enerji siyasətini nəzərə alsaq, hesab edirəm ki, biz istədiyimizə nail olacağıq.

Yəni, Dağlıq Qarabağ məsələsi birinci məsələdir, ən əsas məsələdir. Azərbaycan hakimiyyəti və Azərbaycan cəmiyyəti bütün imkanları səfərbər edib ki, bu məsələ tezliklə öz həllini tapsın.


DOSTLARINLA PAYLAŞ:

oyunlar