Bu gün birinci Əhya gecəsidir
08 Sentyabr 2009 Çərşənbə Axşamı 22:30
Məhz bu gündən etibarən müsəlmanlar Ramazanın sonuna qədər Qədr gecəsinin həsrəti ilə dua edəcəklər
İslam dünyasında Qədr gecəsi en vacib və müqəddəs gecə hesab olunur. Çünki Qurani-Kerim məhz bu gecə nazil olub. O, gecə dan yeri sökülənədək əmin-amanlıqdır, yəni heç bir bəla nazil olmaz.
Bütövlükdə xeyir-bərəkətdən ibarət olan Qədr gecəsi Ramazan ayının sonuncu on günlüyündəki gecələrdən birinə təsadüf edir, lakin onun dəqiq vaxtı məlum olmadığından möminlər 3 gecəni səhərədək ibadətdə keçirir. Hədislərə görə, Məhəmməd peyğəmbər əleyhissəlam (s.ə.s) Qədr gecəsinin hansı gecə olduğunu qəsdən bildirməyib və “Siz Qədr gecəsini Ramazan ayının son 10 günü içərisindəki tək rəqəmli gecələrdə axtarın” deyə buyurub.
“Belə qeyd olunub ki, Allah Təla Qədr gecəsini Ramazan ayının içərisində, yəni 30 günün içərisində gizlədib. Bunun da sirri odur ki, insanlar təkcə o bir günə qapılmayıb 30 gündə gecələrdə ibadət eləsinlər ki, çox böyük savabı var. O cümlədən belədir ki, Ramazanın axırıncı 10 günündə Qədr gecəsini axtarın. Bəzi hədislərdə isə 19, 21, 23-cü gecələrin daha çox üstündə dayanılıb. Bu gün birinci Əhya gecəsidir. Bundan sonra olacaq ayın 10-u, bir də 12-sidir”, -deyə Təzə Pir məscidinin axundu Hacı Faiz məlumat verib.
Bu gecələrin xüsusi əməlləri də var. İnsanlar günahlarının bağışlanması, arzularına çatması üçün səhərədək məscidlərə üz tutub dualar edir. Həmin günlər ehtiyacı olanlara əl tutmaq da böyük savab hesab olunur.
Builki Müqəddəs Ramazan ayının əlamətdar tarixi bu gecədən başlayır. Məhz bu gündən etibarən bütün dünya müsəlmanları Ramazanın sonuna qədər Qədr gecəsinin həsrəti ilə dua edəcək. Qeyd edək ki, bu gecənin əsl mahiyyətini bilənlər çox olsa da, məsələdən bixəbər olanlar da var.
Hacı Faiz həmçinin bildirb ki, Allah kəlamı olan Quranı biz bu 3 gecələrdə başımızın üzərinə tutub müəyyən dualar var onları oxuyuruq. Ondan başqa istənilən şəxslər məsciddə, imkanı olmayan şəxslər evdə də bu əməli eləsələr yaxşıdır. Ondan başqa Quran oxuya bilərlər. Xüsusi Qədr gecəsi namazları var, onları oxuya bilərlər. Yəni qənimətdir bu ay, ildə bir dəfə olur, Qədr gecəsi olunan ibadət başqa aylarda min aya dəyər.
Qədr gecəsini imanla və savabını umaraq keçirmək lazımdır. Qurani-Kərimdə Qədr gecəsi ilə bağlı surə də var. 5 ayədən ibarət 97-ci Əl-Qədr surəsində deyilir ki, bu gecə mələklər və ruh ”Allahın izni ilə” yerə enərək mömin bəndələrə salam verirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: