Bu gün ATƏT-in sammiti başlayır
01 Dekabr 2010 Çərşənbə 01:40
Zirvə toptantısında 38 dövlət və hökumət başçılarının çıxışı planlaşdırılır
Bu gün Qazaxıstanın paytaxtı Astanada ATƏT-in sammiti başlayır. Avropa qitəsində təhlküəsizlik məsələləri, Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilə problemləri, eləcə də, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vəzifə və hədəfləri ATƏT-in son 11 il ərzində ilk sammitində müzakirə ediləcək. Bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib.
Sammitdə ATƏT-ə üzv olan 56 ölkənin, 12 müttəfiq dövlətin rəhbərliyinin nümayəndələri, o cümlədən, Əfqanıstan prezidenti Həmid Kərzay, eləcə də onlarla beynəlxalq təşkilatın, o cümlədən, BMT, Avropa Birliyi, NATO, Avropa Şurası, MDB, KTMT-nin nümayəndələri iştirak edəcəklər. Astadakı görüş ATƏT-in coğrafi Avropadan kənarda-Mərkəzi Asiyada keçirilən ilk sammitidir. Rusiya prezidentinin köməkçisi hesab edir ki, ATƏT-in yüksək səviyyəli belə görüşünün çağırılmasının özü ciddi irəliləyişdir. Çünki son zirvə toplantısından (1999-cu ildə İstanbulda keçirilib) 11 il ötür: “Fasilənin səbəbi ATƏT-dəki qeyri-qənaətbəxş tendensiyalarla-daxili inkişafdakı durğunluq və beynəlxalq məsələlərdəki rolun azalması ilə bağlı idi”.
Sergey Prixodko məlumat verib ki, sammitin yekununda bir neçə sənədin imzalanması mümkündür və həmin sənədlər üzərində iş gedir: “Sözsüz ki, ykun sənəddə Helsinki Yekun Aktının 35 illiyinə qiymət də öz əksini tapacaq”. Onun sözlərinə görə, ATƏT-in ən böyük praktik nailiyyətləri hərbi-siyasi sahədə əldə edilən razılaşmalarla bağlıdır. Rusiya prezidentinin köməkçisi xatırladıb ki, ATƏT-in hiayəsi ilə Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilə imzalanıb. Kreml müqavilə ətrafındakı böhranını aradan qaldırılmasına tərəfdardır.
Rusiya tərəfi ATƏT-dəki islahatlarla bağlı bir neçə təşəbbüslə çıxış edib. Onların arasında ATƏT-in seçkiləri müşahidə qaydaları, maliyyələşmə sistemləri, “səhra” fəaliyyəti ilə bağlı sənəd layihələri də var. Sergey Prixodkonun sözlərinə görə, Rusiya ATƏT-i mükəmməl dövlətlərarası qurum kimi görmək istəyir.
Artıq Astanada sammitə hazırlıq işləri başa çatıb. Sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayev açacaq, sonra ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın Dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev, BMT-nin baş katibi Pan Gi Mun və ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu çıxış edəcəklər. Onun sözlərinə görə bundan sonra plenar iclasda 38 dövlət və hökumət başçılarının çıxışları olacaq.Ümumiyyətlə, görüşdə 75 nümayəndə heyəti iştirak edəcək, iştirakçıların sayı isə jurnalistlər və qeyri-hökumət təşkilatları ilə birlikdə təxminən 5 min nəfər olacaq. Bunun 2500 nəfəri nümayəndə, təxminən 1500 nəfəri jurnalistdir.
DOSTLARINLA PAYLAŞ: