Bayramda bunlara diqqət edin
30 Dekabr 2011 Cümə 13:13
Yeni ildə orqanizminizi qoruyun.
Sabah Yeni ildir. Bayram günü əksər evlərdə təntənəli süfrələr qurulur, cürəbəcür yeməklər bişirilir. Ancaq bir gün içərisində bir necə çeşiddə qida qəbul etmək insan orqaizminə ziyan vura bilər. Bəs bundan qorunmaq üçün nə edək? ANS PRESS bayramda həm dadlı təamları dadıb, həm də problemlə qarşılaşmamaq üçün oxucularına məsləhətləri təqdim edir:

Gün ərzində edəcəkləriniz:
Günə bir stəkan az yağlı süd, 2 yemək qaşığı yulaf, 3 qaysıdan ibarət səhər yeməyi ilə başlayın. Günorta bir kasa şorba və salatla qidalanın. Ara saatlarda 1 qab qatıq, 2 naringi,10 badam qəbul edin. Gün ərzində isə bol-bol su için.

Yeni il menyusu
Hind toyuğu və plov məsum yemək hesab edilir. Daha yaxşı olar ki, az miqdarda plovla sobada bişən hind toyuğunun dərisiz hissəsindən əl boyda yeyin. Onun yanında salat da qəbul edin. Tərkibində ağartı olan salatlara üstünlük vermək məsləhətdir.
Belə günlərdə problemlər adətən şirniyyatlar, içkidən yaranır. İçki olaraq təzə meyvə suyu, ayran, mineral sular, şəkərsiz bitgi çayları seçin. Əgər spirtli içki qəbul etmək ürəyinizdən keçsə, yaxşı olar ki, 2 qədəhi keçməmək şərti ilə spirtliliyi az olan şərab və ya pivə seçəsiniz. Bu həm daha az kalori qəbul etməyinizə, həm də bayramdan sonra özünüzü daha yaxşı hiss etməyinizə kömək olar.

Bayramdan sonra
Əgər bayram günü spirtli içkini çox qəbul etmisinizsə, yeni ilin ilk günü pendir, çörək, yumurta kimi klassik səhər yeməyindən imtina edin. Əvəzində daha yüngül menyu seçin. Məsələn, 1 stəkan süd və 1 banan ya da 2 dilim ananas, 2 dilim portağal, 1 kivi, yarım almadan ibarət meyvə salatı ilə birlikdə 5 badam. Belə səhər yeməyi mədə ilə bağlı narahatlıqları azaldır. Yeməkdən sonra 45 dəqiqə gəzin. Bu, metobolizmanı sürətləndirir.
Günortanı şorba, salat və qatıqla yola verin. Arada və axşam yeməyində bol limonlu salat, 1 kasa qatıq, şorba yeyin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar