Bakıda Dini Liderlərin Ümumdünya Sammiti başlayıb
26 Aprel 2010 Bazar Ertəsi 10:50
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.
Bu gün Azərbaycan paytaxtında Dini Liderlərin Ümumdünya Sammiti keçirilir. APA-nın məlumatına görə, Gülüstan sarayında təşkil edilən tədbirin açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Sammiti giriş nitqi ilə açıq elan edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, bu sammitin Bakıda keçirilməsi olduqca mühüm amildir və Azərbaycanın dünyadakı nüfuzundan xəbər verir.
Tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bu sammiti çox böyük əhəmiyyətə mailik hadisə adlandırıb: “Artıq Bakıda dünya dini liderlərinin görüşləri ənənəvi xarakter alıb. Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayıblar. Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. 20 ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının, 10 ilə yaxındır Avropa Şurasının üzvüdür. Bakı ötən il İslam mədəniyyətinin paytaxtı seçilmişdi. Gün gələcək ki, Bakı Avropa mədəniyyətinin paytaxtı seçiləcək. Əsrlər boyu bütün dinlərin və millətlərin nümayəndələri Azərbaycanda bir yerdə yaşayıb. Ölkəmizdən mindən artıq məscid, 11 kilsə, 6 sinaqoq, fəaliyyət göstərir”.
Konfrans işini davam etdirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: