Bakı və Sumqayıt susuz qala bilər
03 Aprel 2009 Cümə 16:05
Səbəb «Azərsu» SC ilə «Sumqayıtelektrikşəbəkə» ASC arasında yaranan borc qalmaqalıdır

 

Bakı və Sumqayıt şəhərlərinin susuz qalma təhlükəsi yenidən gündəmə gəlib. Belə ki, əvvəlcədən edilmiş xəbərdarlığa əsasən bu gündən etibarən adı çəkilən şəhərlərin su nasos stansiyalarının elektrik enerjisi kəsilməlidir. Bu zərurət «Azərsu» ilə «Sumqayıtelektrikşəbəkə» arasında yaranan borc qalmaqalı üzündən yaranıb.
«Sumqayıtelektrikşəbəkə» ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Quliyevin sözlərinə görə, «Azərsu» SC-nin son 7 ildə istifadə edilən elektrik enerjisinə görə quruma 47 milyon manat borcu var. Bu məbləğ hələ də ödənilmədiyindən «Azərsu» SC-yə növbəti xəbərdarlıq edilib və bu gün həmin xəbərdarlığa əsasən sonuncu gündür.
Anar Quliyev bu vaxta qədər «Azərsu» SC-nin etdiyi ödənişin 50 faizi keçmədiyini qeyd edib. Yəni sərfiyyatın tam yarısı yığılıb qalmaqdadır. Bu isə öz növbəsində "Sumqayıtelektrik əbəkə" ASC-ni radikal addım atmaq məcburiyyətində qoyur.

«Azərsu» ASC-nin rəsmilərinin isə məsələyə başqa münasibəti var. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmovun sözlərinə görə, əvvəlcədən əldə olunmuş razılığa əsasən ödənişlər edilir. Belə ki, görülən texniki təbirlər nəticəsində «Azərsu» SC ildən-ilə göstərilən su təchizatına görə xidmət səviyyəsini artırdığından, yığım faizi də artır. «Təkcə bu ilin üç ayı ərzində 2 milyon 180 bir min manat ödəniş etmişik. Bu da ümumi borcun 80 faizi deməkdir.
Qalmaqala səbəb olansa «Azərsu» SC-nin debütor borclarıdır ki, bunu da hissələrlə ödəməkdən boyun qaçırmırıq». A. Rüstəmov bildirib ki, problemin mənbəyi həm də əhalinin vaxtlı-vaxtında istifadə etdiyi suya görə pullarını ödəməməsidir.

Xatırladaq ki, «Sumqayıtelektrikşəbəkə» ASC bir neçə ay bundan əvvəl də anoloji tədbirə əl atmışdı. Ancaq sonda hər iki qurum arasındakı sövdələşməyə əsasən müvəqqəti razılığa gəlinmişdi. Həmin vaxt «Azərsu» SC borclarını hissə-hissə ödəməyə razılıq versə də, vədə əməl olunmayıb./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar