Azərbaycanda Latviya Günləri keçiriləcək
11 Noyabr 2011 Cümə 18:24
Noyabrın 14-də Azərbaycanda Latviya Günləri başlayacaq.
Dekabrın 12-nə qədər davam edəcək böyük kampaniya “Latviyanı duyun” şüarı altında keçiriləcək. Azərbaycanda Latviya Günləri çərçivəsində Latviyanın Azərbaycandakı səfirliyinin KİV üzrə koordinatoru vəzifəsini icra edən Emin Musəvinin APA-ya verdiyi məlumata görə, layihənin əsas məqsədi Azərbaycanla Latviya arasında iqtisadi və humanitar münasibətləri daha da inkişaf etdirməkdir.
Azərbaycanda Latviya Günləri Latviyanın Sərmayə və İnkişaf Agentliyi, Latviyanın Azərbaycandakı səfirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, Latviyanın “Baltikums” bankı, “Layma” şokolad fabriki, Riqa Süd Kombinatının dəstəyi ilə təşkil ediləcək.
Azərbaycanda Latviya Günlərinin açılış mərasimi noyabrın 14-də olacaq. Açılış mərasimində Latviyanın iqtisadiyyat naziri Daniels Pavlyuts və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin çıxış edəcəyi gözlənilir.
Latviya Günləri çərçivəsində “1969 Qalereya Mərkəzi”ndə aerofotolar sərgisinin, “Park Bulvar”da Latviyanın tarixi komediya janrında olan “Rudolfa Mantoyuns” bədii filminin nümayişi, Bakının bir sıra marketlərində Latviya qida məhsullarının satışı, 2 həftə ərzində “Qız Qalası” Qalereyasında Latviya rəssamlarının sərgisinin təşkili, Muğam Mərkəzində Latviyanın caz ifaçısı İntars Busulisin çıxışı nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: