Azərbaycan Rusiyaya nota verib
16 Yanvar 2010 Şənbə 12:40
Buna səbəb Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin son bəyanatıdır
Azərbaycanın Rusiyadakı səfirliyi Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin bəyanatları ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun ANS PRESS-ə verdiyi məlumata görə, nota Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən yanvarın 13-də Rusiya Xarici İşlər Nazirliyinə təqdim olunub. Notada Azərbaycan tərəfinin Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin fikirlərindən narazılığı ifadə olunub və bildirilib ki, bu kimi bəyanatlar Azərbaycanla Rusiya arasında tarixən mövcud olan münasibətlərin, həmçinin mövcud əməkdaşlıq münasibətlərinin səviyyəsinə uyğun gəlmir.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının vitse-spikeri, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Latviya mətbuatına verdiyi açıqlamada Rusiyanın separatçı Dağlıq Qarabağın müstəqilliyini tanımasının zəruriliyini bildirib: “Əgər Dağlıq Qarabağ müstəqilliyini elan eləsə, Rusiya onun müstəqilliyini tanımalıdır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: