Azərbaycan Misirə nota verib
03 Noyabr 2011 Cümə Axşamı 15:43
Misirin “Mobinil” mobil operator şirkətinin “Karabakh Telecom” ilə roaming sahəsində əməkdaşlıq etdiyi müəyyən edilib.
Azərbaycan Respublikasının Misir Ərəb Rspublikasındakı Səfirliyindən verilən məlumata əsasən, Səfirlik tərəfindən Misirin “Mobinil” mobil operator şirkətinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” ilə roaming sahəsində əməkdaşlıq etdiyi müəyyən edilib.
Bu əməkdaşlığın dayandırılması üçün səfirlik tərəfindən Misirin Xarici işlər və Rabitə və İnformasiya texnologiyaları nazirliklərində görüşlər keçirilmiş və Misir tərəfinə “Mobinil” ilə “Karabakh Telecom” arasında əməkdaşlığın dayandırılması üçün nota ilə müraciət edilib.
Notada Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər sənədləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, “Mobinil”-in “Karabakh Telecom” ilə əməkdaşlığının və Azərbaycan hökumətinin rəsmi icazəsi olmadan respublikamızın telekommunikasiya məkanına müdaxiləsinin Azərbaycan suverenliyi və ərazi bütövlüyünün pozulması olduğu bildirilərək bu əməkdaşlığın dayandırılması üçün lazımı tədbirlərin görülməsi xahiş olunub.
Azərbaycan Respublikasının müraciətinə uyğun olaraq Misir hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində “Mobinil” ilə “Karabakh Telecom” arasındakı əməkdaşlıq dayandırılıb.
Qeyd etmək istərdik ki, bir müddət əvvəl Misirin başqa bir mobil operatoru olan “Vodafone Egypt”-in “Karabakh Telecom” ilə əməkdaşlığı müəyyən edilmiş və səfirlik tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində bu əməkdaşlıq da dayandırılıb.
DOSTLARINLA PAYLAŞ: