Azərbaycan MDB məkanında liderdir
19 Sentyabr 2013 Cümə Axşamı 15:33
Azərbaycan bu göstərici üzrə Şərqi Avropanın əksər dövlətlərindən irəlidədir.
Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün “Qlobal Rəqabətlilik Hesabatı”nda rəqabətqabiliyyətlilik indeksinə əsasən ölkəmiz dünyada 39-cu, MDB məkanında isə 1-ci yerə nail olub. Dünya İqtisadi Forumunun (DİF-un) “Dünya Rəqabətlilik Hesabatı”nda rəqabətqabiliyyətlilik indeksi statistik məlumatlar və sorğular nəticəsində 113 parametrdən ibarət olan və 12 göstəriciyə əsaslanan dünya iqtisadiyyatını təsvir edən ən etibarlı və nüfuzlu göstəricidir.

Bundan başqa hesabata görə, əqli mülkiyyətin qorunması ilə bağlı Azərbaycan MDB məkanında lider mövqeyindədir: ölkəmiz 69-cu yeri tutaraq, Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə və Ukraynanı isə 64 pillə üstələyir.

Azərbaycan bu göstərici üzrə Şərqi Avropanın əksər dövlətlərindən irəlidədir, o cümlədən Polşa (72 yer), Çernoqoriya (76), Xorvatiya (81), Bolqarıstan (104), Rumıniya (110), Albaniya (114), Serbiya (115), Bosniya və Hersoqovina (135). Hətta 3,7-ə bərabər olan bu göstəricinin qiymətinə əsasən inkişaf etmiş ölkələr sayılan İtaliya və Yunanıstandan geri qalmır və güclü inkişafda olan Hindistanı və Braziliyanı üstələyir.

Ümumiyyətlə, son illərin Hesabatlarına (2010-2011, 2011-2012, 2012-2013, 2013-2014) əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur.
Digər komponentlərlə yanaşı əqli mülkiyyətin qorunmasını dolayısı yolla əks etdirən innovasiyalar göstəricisinə əsasən Azərbaycan 51-ci yeri tutaraq, MDB dövlətləri arasında da birincidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar