Azərbaycan Əfqanstanla birgə mübarizə aparacaq
01 İyul 2013 Bazar Ertəsi 11:55
NATO Azərbaycanın Əfqanstandakı əməliyyatlara dəstəyini yüksək qiymətləndirir.
Bu gün Bakıda NISA-nın (NATO International School of Azerbaijan - NATO Azərbaycan Beynəlxalq Məktəbi) növbəti yay sessiyası öz işinə başlayıb. Trend-in məlumatına görə, NİSA-nın 10 illiyinə təsadüf edən sessiya "2014-cü ildən sonra Əfqanıstan" mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Əfqanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadan 40-a yaxın tələbə, gənc alim iştirak edir.

Qeyd edək ki, 2014-cü ilin sonuna qədər İSAF qüvvələri Əfqanıstandan tədricən çıxarılacaq və Əfqanıstan hökuməti ölkə ərazisində təhlükəsizliyin qorunmasını öz üzərinə götürəcək. Bu kontekstdə yay sessiyasının məqsədi Əfqanıstanın 2014-cü ildən sonra qarşılaşa biləcəyi problemlərə, ölkənin gələcək inkişafı üçün yaranacaq imkanlara, regional və beynəlxalq əməkdaşlıq strategiyalarına dair fikir mübadiləsi aparmaqdır.

Sessiyada mövzu ətrafında ixtisaslaşmış və tanınmış yerli və xarici ekspertlər, habelə dövlət və beynəlxalq təşkilat nümayəndələri məruzəçi qismində çıxış edəcəklər.

Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik departamentinin rəhbəri Qaya Məmmədov bildirib ki, Azərbaycan Əfqanstanın suverenliyini və müstəqilliyini dəstəkləyir: "Azərbaycan Əfqanstanla ikitərəfli səmərəli əməkdaşlıq edir. İnanırıq ki, Əfqanstan hökuməti 2014-cü ildən sonra ölkədə təhlükəsizliyi və sabitliyi layiqincə təmin edəcək".

Məmmədov bildirib ki, Azərbaycan Əfqanıstanla öz təcrübəsini bölüşməyə və ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə hazırdır.

Məmmədov, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ən böyük çağırışlardan biri olduğunu vurğulayaraq bu təhlükənin qarşısının alınması üçün Azərbaycanın Əfqanstanla birgə mübarizə aparacağını qeyd edib.

Daha sonra tədbirdə çıxış edən Ruminyanın Azərbaycandakı səfiri Kristian Çiobano NATO ilə Azərbaycanın əməkdalığının yüksək səviyyədə olduğunu qeyd edib: "NATO ilə Azərbaycan arasında əməkdaşlıq deyərdim ki, çox yüksək səviyyədədir".

Səfir bildirib ki, ötən dövr ərzində NATO ilə Azərbaycan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər də bu əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verib. Səfir onu da qeyd edib ki, NATO Azərbaycanın Əfqanstandakı əməliyyatlara dəstəyini yüksək qiymətləndirir: "Azərbaycan ilk qeyri-NATO ölkəsidir ki, 2014-cü ildən sonra da Əfqanstana dəstək göstərəcəyini bəyan edib".

Çiobano həmçinin qeyd edib ki, siyasi və Əfqanstanla bağlı əməkdaşlıqdan əlavə Azərbaycan və NATO bir sıra digər sahələrdə, o cümlədən minalanmış ərazilərin təmizlənməsi, enerji təhlükəsizliyinin təmin edilməsi və digər sahələrdə praktiki əməkdaşlıq edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar