Azərbaycan ABŞ-a nota verdi
18 Dekabr 2009 Cümə 02:55
Yaşar Əliyev: “ABŞ-ın Qarabağ yardımı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi barədə rəsmi bəyanatlara ziddir”
Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev ABŞ Konqresində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notasını Dövlət Departamentinə təqdim edib. Səfir Yaşar Əliyevin ANS-ə verdiyi məlumata görə, o, bununla bağlı Azərbaycan tərəfinin dərin narahatlığını ifadə edib.

Səfir bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ətraf rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. Odur ki, ABŞ hökumətinin Dağlıq Qarabağ və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərində rəsmi Bakı ilə məsləhətləşmədən istənilən proqram və fəaliyyət həyata keçirmək niyyəti ABŞ-ın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə rəsmi bəyanatlarına ziddir.

Bununla əlaqədar Azərbaycan tərəfi ABŞ hökumətini bu məsələ ilə bağlı açıqlama verməyə çağırıb.
Notada qeyd olunub ki, rəsmi Bakının razılığı olmadan bu proqramların reallaşdırılması ABŞ hökumətinin işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimə dəstəyi kimi qiymətləndiriləcək, işğalın davamına səbəb olacaq, münaqişənin nizamlanması istiqamətində səylərə mənfi təsir göstərəcək və ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi “ədalətli, tərəfsiz vasitəçi” imicini sarsıdacaq.

Amerika tərəfi notaya ən qısa müddətdə cavab verəcəyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar