Avtomobillərin qənimi işıqfor
16 İyun 2010 Çərşənbə 20:05
Avtomobillərin qənimi işıqfor. Nəhayət ki, Xətai rayonundakı işıqforun təmirinə başlanıldı.
Bu gün saat 18:20 radələrində Xətai rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Fəhlə prospektindən Zığ qəsəbəsi istiqamətində gedən yolda “Prado” markalı maşınla “Azsamand” avtomobili toqquşub. Qəza nəticəsində yaralanan 10 TC 428 dövlət nömrə nişanlı “Azsamand” avtomobilində olan şəxs “Prado” maşınının sürücüsü tərəfindən xəstəxanaya aparılıb. Hadisə şahidlərinin ANS PRESS-ə bildirdiyinə görə, həmin ərazidəki işıqforun təqribən beş gündür işləməməsi bu yolda hər gün avtomobil qəzasının baş verməsi ilə nəticələnir və bu gün baş verən qəzanın da səbəbi işıqforun işləməməsi olub.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Xətai rayon bölməsindən ANS PRESS-ə verilən məlumatda həmin ərazidəki işıqforun həqiqətən də bir neçə gündür nasaz vəziyyətdə olması və yolda mütəmadi olaraq bu səbəbdən qəzaların baş verdiyi təsdiqlənib. Növbətçi hissədən verilən məlumatda naqillərində problem yaranmış işıqforun nəhayət bu gündən etibarən təmirinə başlanıldığı qeyd olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: