ATƏT-in sayca 7-ci sammiti başa çatıb
02 Dekabr 2010 Cümə Axşamı 13:35
Quruma üzv ölkələr birgə bəyannamə ilə bağlı razılığa gələ bilmirlər
ATƏT-in Astanada keçirilən sayca 7-ci sammiti başa çatıb. ANS-in Astanaya ezam edilmiş xüsusi müxbirinin verdiyi məlumata görə, müzakirələr yekunlaşıb və hazırda üzv ölkələr birgə bəyannamənin mətni üzərində razılığa gəlmək üzrə işləyirlər. Əldə edilən son məlumata görə, hələlik onlar razılığa gələ bilməyiblər. Razılığın əldə edilməməsi ilə bağlı əsas səbəblərdən biri isə Qarabağla bağlı Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında fikir ayrılıqlarıdır.
Eyni zamanda Rusiya tərəfi adi silahlar və təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıqla bağlı məqamlarla da razı deyil. Bu da birgə bəyannaməni diplomatik dillə desək, blok edir.
Qeyd edək ki, sənədin qəbulu üçün bütün ölkələrin razılığı tələb olunur. Güman edilir ki, tərəflər sammitin nəticələri ilə bağlı birgə bəyanatla kifayətlənəcəklər.
Sammitin nəticələrinin sədr ölkə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçirəcəyi mətbuat konfransında élan olunacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: