Astana. Viktoriya Dementyeva – APA. ATƏT ölkələri dövlət başçıları Şurasının Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən plenar iclası başa çatıb.
APA-nın Astanaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bütün üzv ölkələrin və tərəfdaş təşkilatların nümayəndələri öz çıxışlarını yekunlaşdırıblar. Hazırda zirvə toplantısının yekun sənədinin mətni üzərində iş gedir. Sammitin nəticələrinin sədr ölkə Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin keçirəcəyi mətbuat konfransında elan olunacağı gözlənilir.
Qeyd edək ki, əvvəlcə sammitdə yekun Bəyannamənin qəbulu nəzərdə tutulmuşdu. Lakin belə görünür ki, ölkələr bu Bəyannamənin mətni üzərində razılığa gələ bilməyəcək. Rusiya Bəyannamədə adi silahlar və təhlükəsizlik məsələlərinə dair əməkdaşlıqla bağlı məqamlarla razı deyil. Azərbaycan isə mətndə dövlətlərin ərazi bütövlüyü prinsipinin əksini tapmasını istəyir.
Xatırladaq ki, sənədin qəbulu üçün bütün ölkələrin razılığı tələb olunur. Çox güman ki, tərəflər sammitin nəticələri əsasında birgə bəyanatla kifayətlənəcəklər.