Astana görüşü nə ilə nəticələnəcək?
26 Noyabr 2010 Cümə 14:40
Aİ rəsmisi Qarabağ üzrə danışıqlarda müşahidə edilən fəallıqdan danışıb
ATƏT-in Astanada keçiriləcək sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müsbət nəticədən danışmaq olmaz, lakin müşahidə edilən fəallıq ümid üçün əsas verir. Bunu Bakıya səfərə gələn Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.
O bildirib ki, fəal surətdə müzakirə edilən məsələlər var və bu, ən azı ümid etməyə əsas verir ki, Astana görüşü nə ilə isə nəticələnəcək.
“Mən Astana görüşünə az qalmış danışıqların detallarını müzakirə etmək istəmirəm. Bu, danışıqların həssas məqamıdır”, - deyə Semnebi bildirib.
Onun sözlərinə görə, danışıqların fəal surətdə aparılması və ATƏT-in Minsk qrupunun cəlb edilməsi fakı o deməkdir ki, “proses yenidən işə düşüb”. Piter Semnebi bildirib ki, budəfəki səfərinin məqsədi Azərbaycanda parlament seçkilərindən sonra siyasi vəziyyətin öyrənilməsi, hökumət və siyasi qüvvələrin nümayəndələri ilə görüşlərdir.
Avropa İttifaqı rəsmisinin sözlərinə görə, gələcəkdə necə getmək və seçkilərdən sonra hansı nəticələri çıxarmaq barədə məsələlərə baxmaq lazımdır.
Xatırladaq ki, bu həftənin əvvəli Bakıda səfərdə olmuş Piter Semnebi Avropa ölkələrinin akreditə olunmuş səfirləri və prezident İlham Əliyevlə görüşüb.
DOSTLARINLA PAYLAŞ: