Aramızda diversantlar var!
15 İyun 2014 Bazar 23:01
Azərbaycanda müharibə şəraitini hələ heç kim ləğv etməyib.
Xəbərçilik yaxın keçmişdə həm də donosbazlıq kimi anlaşılırdı. Və bir zamanlar ANS də daxil olmaqla Azərbaycan jurnalistlərinin böyük bir qrupunun qərəzsiz və vicdanlı məlumatçılığa çevirdiyi xəbərçi məzmun çox təəssüf ki, yenidən ibtidai mənşəyinə qayıdır. Və daha təhlükəli şəkildə. Azərbaycanda hər gün əsl informasiya diversiyaları baş verir. Kimin əlinin, kimin cibində olduğu bəlli deyil. Kimsə harasa donos verir. Sanki kimlərinsə, əlində olan şəffaf saplar, gah bu, gah digər fiquru tərpədir. Bu diversiyalar Azərbycanın öz içində baş verir. İçindən baş verir və içinə doğru baş verir. Yəqin ki, bu şəffaf sapların xaricdə kimlərinsə, barmaqlarına bağlı olanları da var və onların hərəkətə keçməsi üçün mütləq kimlərsə, onlara barmaq eləməlidir. Və barmaq edildikcə mexaniki piano işə düşür. 10-15 il əvvəl informasiya diversiyaları ilə mübarizə aparmaq xeyli asan idi. Biz bir yerə asan yığılırdıq, çünki bizi bir yerə toplayan, toparlayan ümumi hədəflər var idi. Mütləq əksəriyyət demək olar ki, bir idi. İndi bunu tam yəqinliklə demək olmaz. Mətbuat və mediya ilə yaxından tanış olduğumdan bilirəm ki, ilk baxışda vahid dövlətə xidmət etdiyini sezdirənlərin sızdırdıqları ayrı mətləblərdir. Ona görə də Birləşmiş Ştatların Azərbaycandakı səfirinin bu yaxınlarda qalmaqala səbəb olmuş və bəzi arqumentlərini elə bizim efirdə təkzib etdiyi müsahibəsindəki bir fikrə şübhəli qalırıq. Səfirin hakimiyyətin monolit olmadığı barədə mülahizəsində ola bilsin ki, təhrif və ya korrektəyə ehtiyacı olan məzmun var. Amma burda doğruya bənzəyən nəsə də tapmaq olar. Axı doğrudan da informasiya diversiyasını törədən vasitələrin arxasında duranlar arasında bəzi iqtidar mənsublarının peysəri görünür. Onlar bir-biri ilə apardığı gizli mübarizədə baltanı oturduqları ağacın, dövlətimizin kökünə çaldıqlarının fəriqində deyillər. Və elə buna görədir ki, mən yenidən dövlət başçısının bir az əvvəl səsləndirdiyi bəyanata qayıdıram.

Dövlət başçısı açıq mətnlə məmuru öz ölkəsinə sədaqətə dəvət edir. Ardınca isə dövləti etibarlılığı şübhə doğuran bir neçə məmur işdən kənardaşdırılır. Amma təhlükə bu gün də tam sovuşmayıb. Bəzi məqamlarda isə daha intensiv və ekstensiv şəkil alıb. Məsələn, son zamanlar Azərbaycanın nüvəsini sarsıtmağa yönəlik təxribatçı addımlar atılır. Azərbaycanın Müdafiə Nazirliyinə, orduya qarşı…Müdafiə nazirinin etibardan, gözdən salınmasına yönəli məqsədyönlü hərəkətlər… Bu istiqamətdə edilən son diversiya həmləsinin ünvanı isə Naxçıvan Muxtar Resublikası oldu. Özü də məlumatı nə qədər əcayib olsa da, Ermənistan və ya başqa bir maraqlı dövlət yox, elə özümüzünkülər, bizimkilər yaydı. Hansısa, hücum əməliyyatından bəhs edildi, hansısa el dostu həkimlərdən çarə axtarıldı…Ağ, daha doğrusu qapqara yalanlar! Heç bir səviyyədə təsdiqini tapmayan, başdan ayağa cəfəngiyyat… Qəsdən rəy yaratmağa hesablanmış təbliğat. Elə buna görə də günü sabah Azərbaycanda əsgər ölümü, ümumiyyətlə cəmiyyətdə panika yaratmağa yönəli xəbərləri aktullaşdıran, passifist meylləri qabardanların fəalaşmasını görsəm təəccüblənmərəm.

İnformasiya diversiyalarının çeşidi müxtəlif olur. Məsələn, Rusiya nazirləri bu yaxınlarda öz dövlətlərinin maraqlarına uyğun şayiələr yaymışdılar və bu təbii ki, səbəbsiz deyildi. Ssenari eyni idi. Hər ikisi canlı və sonrakı peşimançılıq və ya atılan daş… Amma elə saytlar var ki, bu gün də həmin xəbərlər elə baş xəbər yerinə asmaqdadır. Dövlət isə gərək zəif olmasın. O, belə halların qarşısını ən qəddar şəkildə almalı, qanunun sərt üzünü göstərməlidir. Bundan ötrü Daxili İşlər Nazirliyi var, Milli Təhlükəsizlik Nazirliyi var və yəqin ki, onların əməliyyat şəraitinin nəzarətdə olmasını sübut edən tutarlı arqumentləri var.

Şərait demişkən, Cənablar, Sizə elə gəlmirmi Azərbaycanda müharibə şəraitini hələ heç kim ləğv etməyib. Belə şəraitdə isə dövlət və tənqid, vətən və xəyanət arasında sərhəd çox şəffaf olur…



DOSTLARINLA PAYLAŞ:

oyunlar