Anders Herkel: "Gəncə qürur duyulası şəhərdir"
08 Fevral 2010 Bazar Ertəsi 18:10
AŞPA həmməruzəçiləri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
Avropa Şurası Parlament Assambleyası monitorinq komitəsinin həmməruzəçiləri Andres Herkel və Jozef Debono Qrexin Azərbaycana səfəri başlayıb. Həmməruzəçilər artıq Gəncədədirlər. İki gün davam edəcək səfər çərçivəsində hüquq mühafizə, QHT, partiya nümayəndələri ilə görüş keçiriləcək. Bu gün isə məruzəçilər ilk olaraq Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb, sonra isə Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Avropa Şurasının təmsilçiləri həmçinin şəhər polis idarəsi, 2 saylı istintaq təcridxanası, Gəncə şəhər prokurorluğuna gedərək bir sıra görüşlər keçirəcəklər. Andres Herkel açıqlamasında bildirib ki, Gəncəyə gəlişləri onların ümumi səfərlərinin tərkib hissəsidir.

"Sadəcə paytaxtda deyil, eyni zamanda rengionlara da səfər etməyi nəzərdə tutmuşuq. Gəncəni özümüz seçmişik. Gəncə çox qürur duyulası qədim tarixə malik Azərbaycan şəhərdir", deyə Herkel qeyd edib.

Həmməruzəçilər şəhər icra hakimiyyətinin başçısı ilə görüşüblər. Sabah isə QHT-lər və digər tərəflərlə görüşləri olacaq.

"Daha sonra Gəncədə gördüklərimiz problemlər barədə və digər məsələlər haqda danışmaq mümkün olacaq. Ümumi nəticələri isə səfərin sonunda keçirəcəyimiz mətbuat konfransı zamanı açıqlayacağıq", deyə Herkel bəyan edib.

Qeyd edək ki, həmməruzəçilər Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin icrası, ölkəmizdə gedən demokratikləşmə prosesi və onun nəticələri barədə hesabat hazırlayacaqlar. Hesabat məruzəsi monitorinq komitəsində müzakirə olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar