ADNA qurbanları anıldı
30 Aprel 2011 Şənbə 17:35
ADNA qurbanları anıldı. Universitetin qarşısına güllər qoyulub, şamlar yandıırlıb.
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsinin qurbanları anılıb. ANS PRESS-in məlumatına görə, ADNA qurbanlarının qohumları və yaxınları eləcə də, ictimaiyyət nümayəndələri bu münasibətlə hadisənin baş verdiyi Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunun qarşısına gül dəstələri qoyub, şamlar yandırıblar.

Bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verdi. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Nəticədə 12 nəfər morqa, 13 nəfər isə xəstəxanalara aparılıb.

Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.

Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Cinayət işi üzrə təqsirli bilinəndən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə Ariz Qabulov 11, digər üç nəfər isə ömürlük olaraq azadlıqdan məhrum edilib.

Onu da bildirək ki, ADNA-da baş verən kütləvi qətlin sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.Mardan Qumaşyan barəsində beynəlxalq axtarış elan olunub. Onun barəsində cinayət işi ayrı icraatda aparılır.

Azərbaycanın nüfuzlu ali təhsil ocağında baş vermiş bu terror aktı insan itkisi ilə yanaşı, ölkənin genefonuna da ciddi zərbə vurdu. Erməni xüsusi xidmət orqanlarının məhz terror aktını ali məktəbdə törətməsi planı ölkə gəncliyinin hədəfə alınmasına hesablanmışdı.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar