ABŞ narahatdır
08 Dekabr 2010 Çərşənbə 00:30
Filip Qordon: “Bu, təhlükəli vəziyyətdir”
ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon ötən həftə Astanada baş tutan ATƏT-in zirvə toplantısının nəticələrini Vaşinqtondakı brifinqdə jurnalistlərə şərh edib. Qazaxstan paytaxtında müzakirə edilən məsələlər arasında Dağlıq Qarabağ münaqişəsinin də olduğunu bildirən diplomat, zirvə toplantısında bununla bağlı münaiqşə tərəfləri və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatını müsbət addım kimi qiymətləndirib. Eyni zamanda o, bildirib ki, Birləşmiş Ştatlar sülh danışıqlarının gedişinin sürətindən, prosesdəki mövcud boşluqlardan və son zamanlar atəşkəs xəttində baş verən pozuntulardan narahatdır: “Bu, təhlükəli vəziyyətdir. Məhz bu səbəbdən biz, bütün ATƏT-in üzv dövlətləri tərəfindən vurğulanan Helsinki prinsipləri əsasında irəliləyişin əldə edilməsi üzərində intensiv iş aparırıq”.
Dövlət Katibinin müavini son zamanlar Rusiyanın vasitəçi kimi artan rolu, Birləşmiş Ştatların isə bu mənada passivliyi fikirləri ilə razılaşmayaraq deyib ki, Rusiya münaqişədə rolunu fəallaşdırsa da, ABŞ, Rusiya kimi, münaiqşənin Minsk qrupu tərəfindən razılaşdırılan Əsas Prinsiplər üzərində həll olunmasını görmək istəyir. O, əlavə edib ki, özü və həmkarları münaqişə tərəflərli ilə yaxın təmasdadır: “Bu ilin iyulunda Azərbaycana və Ermənistana səfər edən Dövlət Katibi Hillari Klinton da məsələ ilə bağlı mütəmadi məlumatlar alır, vəziyyəti yaxından izləyir, Azərbaycan və Ermənistan liderləri ilə daim əlaqədədir. ABŞ münaqişənin həllinə verdiyi əhəmiyyətə görə, prosesdə yaxından iştirak edəcək”.
Dövlət Departamentinin məxfi materiallarını sızdıran “Wikileaks” açıqlamalarının Astanadakı zirvə toplantısının ab-havasına təsirinə toxunan Filip Qordon deyib ki, dövlət katibi Hillari Klinton bu məsələ ilə bağlı mövqeyini ATƏT üzvlərinə aydın və açıq şəkildə çatdırıb: “Deyə bilərəm ki, bir çox lider vəziyyəti anladıqlarını ifadə edərək birgə işimizi davam etdirmək istəklərini bildiriblər”.
DOSTLARINLA PAYLAŞ: