4 özəl klinika bağlanıb
17 May 2010 Bazar Ertəsi 14:30
4 özəl klinika bağlanıb. Klinikalardan 3-ü Bakıdadır.
Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən özəl tibb fəaliyyəti ilə məşğul olan bir neçə müəssisədə reydlər keçirilib. Nazirliyin rəsmi saytında yer alan məlumata görə, reydlər zamanı bu müəssisələrdə bir sıra qanunsuzluqlar aşkar edilib. Belə ki, tibb müəssisələrinin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmələri, həmin müəssisələrin laboratoriyalarında müxtəlif növ analizlərdə istifadə olunan reaktivlərin əksəriyyətinin son istifadə müddətinin bitdiyi, istifadə olunan tibbi avadanlıq və cihazların müvafiq standartlara cavab verməmələri barədə, habelə onların respublikaya idxalına dair müvafiq sənədin olmaması kimi faktlar aşkarlanıb.
Mütəxəssislərin sözlərinə görə, tibb müəssisələrində istifadə müddəti bitmiş reaktivlərlə aparılan analizlərin cavablarının dəqiqliyi şübhə doğurur. Bu da öz növbəsində xəstəlik diaqnozunun düzgün qoyulmasına və aparılan müalicənin səmərəsiz olmasına, hətta ağır fəsadlara gətirib çıxarmasına səbəb ola bilər. Həmçinin bu analizlərin aparıldığı avadanlıqların və cihazların vaxtlı-vaxtında kalibrlənməsi barədə müvafiq sənədlərin olmaması da həmin müəssisələrin fəaliyyətlərinin ciddi nöqsanlarla aparılmasından xəbər verib.
4 klinikanın qeyri-qanuni fəaliyyətləri dayandırılıb. Aşkarlanmış reaktivlər müsadirə edilərək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.
Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Lent.az-a bağlanmış klinikaların adlarının açıqlanmamasını belə izah edir: “Həmin klinikalarda müayinə və müalicə olunan xəstələr var, onlar orada müayinədən keçib, analiz verib. Bizim həmin klinikaların adlarını açıqlamağımız bu müəssisənin xidmətlərindən istifadə edən insanlar üçün pis nəticə verə bilər. Yəni əhali təşvişə düşür, ajiotaj yaranır, ona görə də adları açıqlanmır”.
Nazirliyin rəsmisi onu da qeyd edib ki, bağlanan klinikalardakı problem yalnız lisenziya qaydalarının və analizlərdə istifadə olunan reaktivlərin yararsızlığı ilə bağlıdır. Onun sözlərinə görə, problem aradan qaldırılsa, klinikaların yenidən fəaliyyətə başlayacağı mümkündür.
Xatırladaq ki, həmin klinikaların 3-ü Bakıda, 1-i isə rayonların birində fəaliyyət göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: