4 iyun qiyamından 20 il ötdü
04 İyun 2013 Çərşənbə Axşamı 12:24
Sürət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz alındı.
Bu gün Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin devrilməsi ilə nəticələnən 1993-cü il 4 iyun qiyamını 20 ili tamam olur. 20 il əvvəl iyunun 4-də Gəncədə Surət Hüseynov rəhbərliyi ilə hökumətə qarşı hərbi qiyam qaldırıldı. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz alındı. Hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri Sürət Hüseynovun dəstəsi tərəfindən girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkə vətəndaş müharibəsi təhlükəsi yarandı. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladı. Respublika rəhbərliyi vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. İyunun 9-da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəldi. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul etdi.
Qiyamçıların tələbi ilə iyunun 13-də AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşdü.
İyunun 15-də isə Milli Məclisin iclasında prezident Əbülfəz Elçibəyin təklifi ilə Heydər Əliyev parlamentin sədri seçildi.
İyunun 17-də isə Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə getdi. Bu, ölkədə hakimiyyət böhranını daha da dərinləşdirdi və iyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürdü.
Elçibəyin qayıtması üçün aparılan danışıqlar bir nəticə vermədiyindən iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətləri Heydər Əliyevə verildi. Iyunun 30-da isə Heydər Əliyevin təqdimatı əsasında Surət Hüseynov baş nazir təyin olundu. Bu təyinat Gəncə hadisələrindən sonra ölkədə yaranmış böhranı qismən aradan qaldırdı və Sürət Hüseynovun arxasındakı qiyamçı hərbi birləşmələri neytrallaşdırıdı.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi cəmi bir il idi hakimiyyətdə olsa da bir sıra uğurlu layihəılər imza atmışdı. Azərbaycan rus qoşunları şıxarıldı, qanunvericilikdə siyasi-iqtisadi islahatlarla bağlı ciddi işlər görüldü, çoxpartiyalı sistemin əsası qoyuldu, təhsildə ciddi islahatlar başlandı, test imtahanlarının əsası qoyuldu.
DOSTLARINLA PAYLAŞ: