21 il öncə Xaçmazda baş verənlər
18 Yanvar 2011 Çərşənbə Axşamı 23:50
Bu vaxtadək geniş ictimaiyyətə məlum olmayan faktlar üzə çıxıb.
21 il əvvəl yanvarın 18-də Xaçmazda SSRİ Ali Sovetinə qarşı etiraz aksiyası kulminasiya nöqtəsinə çatmışdı. Rusiya ilə həmsərhəd olan bu rayonun sakinləri ayağa qalxıb rus qoşunlarının sərhəddən Azərbaycan ərazisinə daxil olmasının qarşısını almağa çalışıb. Həmin gün baş verən hadisələrin görüntüləri ilk dəfə eksklüziv olaraq ANS-də nümayiş etdirilib.
Hadisələrin birbaşa iştirakçısı və təşkilatçısı, bölgənin Milli Müqavimət Hərəkatının liderlərindən biri- AXC Xaçmaz şöbəsinin sədri olmuş Müqəddəs Mehdiyev həmin vaxt çəkilmiş kadrları ilk dəfə ANS-ə təqdim edib. Onun sözlərinə görə, yanvarın 15-dən Moskvanın anti-Azərbaycan siyasətinə etiraz olaraq Xaçmaz şəhərində minlərlə insanın iştirakı ilə mitinqlər keçirilib, Rusiyadan gələcək hərbi qatarın qarşısını almaq üçün tədbirlər görülüb.
Müqəddəs Mehdiyev deyir ki, vəziyyət Bakıda olduğu kimi şimalda da gərgin idi. Xaçmazda mitinqlər keçirirdilər: “Biz o vaxt Dağıstan Respublikasından məlumat aldıq ki, rus qoşunu Bakıya hücuma hazırlaşır. Məlumat aldıq ki, hərbi qatar “978” keçdi. Biz təcili olaraq Xalq Cəbhəsi idarə heyətinin iclasını çağırdıq”.
Hərəkat liderləri bütün rayon əhalisini ayağa qaldırmağa müvəffəq olur. Yerli əhali Xaçmaz Konserv Zavodunun fiti və yanğınsöndürən maşınların həyəcan siqnalı vasitəsilə meydanlara çağırılırdı. O ağır günlərdə, hətta Dağıstan azərilərinin birliyinə də nail olunmuşdu.
21 il bundan əvvəl Rusiyadan Bakıya qan tökmək üçün gələn qoşunların qarşısı Xaçmazın Xudat stansiyasında alınıb. 1990-ci il yanvarın 17-də Xaçmaz dəmiryol stansiyası Xalq Cəbhəsi fəalları tərəfindən nəzarətə alınır və 1 gün sonra Rusiyadan gələn 978 saylı hərbi eşalon Xudat stansiyasında canlı insan sipəri ilə üzləşir.
Xudat stansiyasında minlərlə insanın yığıldığını deyən Müqəddəs Mehdiyev bildirib ki, hərbi eşalon dalana göndərilir. “Danışıqlar aparıldı, eşalonun rəhbəri bildirdi ki, biz heç kimə güzəşt etməyəcəyik. Biz isə bunun mümkün olmadığını deyirdik. Nəhayət, Bakıya qan tökmək üçün gedəcək hərbçilər 1990-ci il yanvarın 18-də axşam saat 19.00 radələrində Xudat dəmiyolu stansiyasına geri qayıtmağa məcbur olub” deyən Müqəddəs Mehdiyevin sözlərinə görə, bu, həm Xaçmaz, həm də qonşu Quba, Qusar, Dəvəçi rayonlarından gəlmiş azadlıq carçıları və Dağıstanda yaşayanların sayəsində reallaşıb.
Milli Müqavimət Hərəkatının Xaçmaz bölməsinin lideri 1990-ci ilin 5 yanvarında Bakı-Kiyev qatarında 3 azərbaycanlı qadını zəhərləmək istəyən erməni Vadim Badalyan barədə eksklüziv kadrları da ANS-ə təqdim edib. Aydınlaşıb ki, Badalyan məhz təxribat məqsədi ilə Azərbaycana gəlibmiş.
Böyük bir qüvvə ilə Azərbaycan xalqının azadlıq hərəkatını əzməyə gəlmiş ordunun qarşısı Xaçmazda yalnız 1 günlük alına bildi. İmperiya qüvvələri məqsədinə çatmaq üçün Bakıda qarşısına çıxanları güllə-boran etməkdən çəkinmədi. Amma qalib də ola bilmədi... Azərbaycan öz şəhidlərinin qanı bahasına müstəqilliyinə qovuşdu... ANSPRESS
DOSTLARINLA PAYLAŞ: