205 azərbaycanlı zəvvar problemlə üzləşib
22 Noyabr 2010 Bazar Ertəsi 19:55
Onlar Ciddə şəhərinin hava limanında qalıb
Azərbaycandan təyyarə ilə Həcc ziyarətinə getmiş zəvvarların geri qayıtmalarında problemlər yaranıb. Bu barədə ANS PRESS-ə Səudiyyə Ərəbistanında olan Hacı Etimad məlumat verib. Onun sözlərinə görə, səhər saat 11:00-dan 205 nəfər zəvvar Ciddə hava limanında qalıb. Onların geri qayıtması üçün reys yoxdur. Heç kim də vəziyyətlə bağlı bir məlumat vermir.
Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri Müqəddəs Payızov ANS PRESS-ə problemdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, problem Ciddə hava limanının texniki səbəbdən yüklənməsi ilə bağlıdır. Sərnişinlərin sayı çox olduğundan boş təyyarələrə trapların verilməsində ləngiləmələr olur. “Artıq problem həll olunub. Bu gün axşam saat 18:00-da zəvvarlarımız pasport nəzarətindən keçib. Yaxın saatlarda təyyarədə yer alacaqlar”, - deyə Payızov əlavə edib.
Şöbə müdiri onu da qeyd edib ki, təyyarə reysi ilə Həccə gedən zəvvarların sonuncu qrupu noyabrın 25-də Səudiyyə Ərəbistanını tərk edəcək. Avtobusla qayıdanların bir qrupu artıq Türkiyə ərazisinə daxil olub, digər qrup isə bu gün Suriyadan yola düşüb. Onlar bu həftənin çərşənbə və cümə axşamı Bakıda olacaq.
DOSTLARINLA PAYLAŞ: