20 Yanvar Pakistanda anıldı
21 Yanvar 2011 Cümə 12:25
Azərbaycan səfirliyinin təşəbbüsü ilə Preston Universitetində anma mərasimi keçirilib.
20 Yanvar faciəsinin qurbanları Pakistanda anılıb. Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar bu ölkənin Preston Universitetində anma mərasimi keçirilib. Səfirlikdən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Preston Universitetinin, Müasir Dillər Universitetinin, diplomatik akademiyanın rəhbər və müəllim heyəti, Pakistanda akkreditə olunmuş diplomatlar, ölkənin tanınmış ictimai-siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 20 Yanvar faciəsi ilə əlaqədar Pakistan Preston Universitetində keçirilən anma mərasimi Pakistan Dövlət Televiziyasında (PTV) nümayiş etdirilib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müvəqqəti işlər vəkili Daşqın Şikarov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışb.

Preston Universitetinin rektoru Abdul Basit Azərbaycan xalqının mübarizliyi digər xalqların da müstəqilliyində mühüm rol oynadığını bildirib. Milli Müasir Dillər Universitetinin professoru Zülfüqar Qureyşi bu faciəli, amma şərəfli gecənin Azərbaycanın müstəqilliyinə gedən yol olduğunu qeyd edib.

Mərasimdə 20 Yanvar qırğınına dair qısametrajlı film nümayiş olunub.

Qeyd edək ki, 20 Yanvar faciəsi ilə bağlı Pakistanın ən böyük ingilisdilli qəzetlərindən olan, dünya mediası və həmçinin xaricdə yaşayan pakistanlılar arasında böyük nüfuza malik olan “The News”-in 20 yanvar tarixli nömrəsində Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili D.Şikarovun məqaləsi dərc olunub.

Pakistanda nəşr olunan “Daily İttehad” qəzetidə 20 yanvar tarixli nömrəsində bütöv bir səhifə 20 Yanvar faciəsinə həsr edib. Ölkənin mühüm oxucu kütləsinə malik ingilisdilli “The Frontier Post”, “Daily Mail” və urdudilli “Daily İslamabad Times”, “Daily Tasir”, “Daily Newsmart”, “Daily States Times”, “Daily Kainaat”, “Daily Jinnah”, “Daily K2”, “Daily Dunya”, “Daily Universal Recorder” qəzetlərində də faciə ilə bağlı geniş məqalələr çıxıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar