1990-cı il 17 yanvar...
17 Yanvar 2011 Bazar Ertəsi 23:35
Həmin gün böyük faciənin baş verəcəyi artıq dəqiq məlum idi.
Müstəqil Azərbaycanın ən qanlı günlərindən biri, 20 Yanvar hadisələrinin 21-ci ildönümünə iki gündən bir qədər artıq vaxt qalır. 21 il öncə bu gün böyük faciənin baş verəcəyi artıq dəqiq məlum idi. Məhz bu gün 20 Yanvar faciəsinin törədilməsini yaxınlaşdıran Sovet ordusunun Bakıya girməsini təmin edən hökumətin qərarına etiraz olaraq fasiləsiz aksiyalara start verildi. Ümumi tətil elan edilərək Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşısında Azərbaycan SSRİ Ali Sovetinin fövqəladə sessiyasının çağırılması, rəhbərliyin istefası, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, eləcə də Bakı ətrafında toplanmış Sovet qoşunlarının Dağlıq Qarabağa göndərilməsi tələb edildi.
Beləcə, Milli Azadlıq Hərəkatının qanla boğulması ssenarisi kuliminasiya nöqtəsinə çatırdı. Sovet dövləti azərbaycanlı vətəndaşının ürəyində qaysaqlamış azadlıq hisslərini birdəfəlik söküb atmaq üçün əmrə müntəzir idi. Hökumətdən əlini üzən xalq çıxış yolunu Bakının girişində barrikadalar quraraq, qoşunun yürüşünü əngəlləməkdə görürdü. Axşam saatlarında isə Yevgeni Primakovun ordunun şəhərə girməsini guya xalqı qorumaq məqsədiylə əsaslandırması isə izdihamın səbrini daşdıran son damla oldu. Bakı ətrafına cəmləşmiş hərbçilərə azərbaycanlılara nifrət aşılanmaqla yanaşı mərkəzə Bakı qarnizonu komandanlığı tərəfindən şəxsən Qorbaçova təhrikedici teleqram göndərilir.
Teleqramda deyilirdi: “Bakı qarnizonu komandanlığı olaraq sizi xəbərdar edirik. Bakıda vəziyyət Xalq Cəbhəsinin nəzarətindədir. Mətbuat və televiziya ölkədəki vəziyyətlə əlaqədar çox zaman yanlış məlumatlar verir. Bakıya axışan insanlarsa vəziyyəti daha da gərginləşdirir. Ordu girərsə və silahdan istifadə olunarsa, qan axa bilər və eyni zamanda Bakının rusca danışan əhalisi və Bakı qarnizonu əsgərlərinin ailələri zərər görə bilər. Əminik ki, Bakının ikinci Rumıniya olmasının qarşısını ala bilərsiniz. General A. Savelyev”.
DTK-nın bu günə olan 125/ B nömrəli əmrində isə deyilir ki, Xalq Cəbhəsinin dövlət televiziyasını ələ keçirməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görülməlidir ki, enerji blokunun partladılması da belə addımlardan biri olmalıdır.
17 yanvar tarixində diqqət çəkən mühüm məqamlardan biri də Avropa və Amerikanın Azərbaycana qarşı törədiləcək qətliama xeyir-dua verməsidir. Belə ki, Avropa Parlamentinin qərarında Avropa Şurasını erməniləri müdafiə, Ermənistana və Dağlıq Qarabağa yardım etməyə çağırılırdı. Buna əlavə olaraq bir qrup Amerika senatoru Qorbaçova məktub yazaraq xahiş edirdi ki, Dağlıq Qarabağın Ermənistanla birləşməsi məsələsində ermənilərə kömək etsin. Beləcə, Azərbaycan fərqində olmadan dəhşətli bir vəziyyətlə üz-üzə qalmışdı. Bir tərəfdən ərazi bütövlyünün qorunması əndişəsi, digər tərəfdən isə SSRİ-nin çökdürülməsi üçün sövdələşmiş böyük bir güc. Amma hələ də sadə insanlarda “böyük Vətənin böyük rəhbərinə iynənin ucu boyda olsa da ümid” var idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: