Yunanıstanda 24 saatlıq ümumi tətil elan olunub
15 İyun 2011 Çərşənbə 12:44
Tətil hökumətin yeni sərt tədbirlər planının parlamentdə müzakirəsinə qarşı yönəlib.
Yunanıstanda hökumətin sərt iqtisadi tədbirlərinə qarşı elan olunmuş 24 saatlıq ümumi tətilin bir hissəsi kimi etirazçılar paytaxt Afinanın mərkəzi Sintaqma meydanında parlamentin binası qarşısında toplaşıb. Onlar parlamentin binasını blokadaya alaraq yeni tədbirlər planının bu gün başlayacaq müzakirəsinə mane olacaqlarını vəd ediblər.
Qeyd edək ki, "Standart & Poor’s cut" beynəlxalq reytinq agentliyi Yunanıstanın defolta doğru dörd pillənin qaldığını açıqlayıb. Qeorqios Papandreunun başçılıq etdiyi hökumət bu qərarı tənqid edərək agentliyin Yunanıstan rəhbərliyinin ölkədə vəziyyəti sabitləşdirmək üzrə məqsədyönlü cəhdlərini nəzərə almadığını bəyan edib.
Yunanıstanın sosialist hökumətinin hazırladığı yeni planda 2015-ci ilədək xərclərin azaldılması və yeni vergilərin hesabına 28 milyard avro qənaət edilməsi nəzərdə tutulur. Planın bu həftə ərzində parlamentdə müzakirəsi və gələn ayın əvvəlinədək isə ratifikasiyası nəzərdə tutulub. Planlaşdırılan yeni tədbirlər isə müxalifət partiyalarının qəzəbinə və həmkarlar ittifaqlarının ümumi tətil elan etməsinə səbəb olub. Gün ərzində gəmilərin və qatarların hərəkəti dayandırılıb, xəstəxanalarda isə yalnız növbətçi həkimlər qalıb, özəl mağazalar bağlanıb. Yalnız aviadispetçerlər turist mövsümü ilə əlaqədar tətilə qoşulmayıblar.
Yeni qənaət tədbirləri isə Afinaya 110 milyard avro həcmində ümumi beynəlxalq yardım paketindən 12 milyard avro məbləğində növbəti köməkliyin göstərilməsi üçün əsas şərtdir.
Bu arada Avropa İttifaqının maliyyə nazirləri ötən gün keçirilən iclasda Yunanıstana dəstək planı ilə bağlı razılığa gələ bilməyiblər və bu məsələ ilə bağlı iyunun 19-da növbəti iclas keçirməyi qərara alıblar. Lüksemburqun maliyyə naziri Lyuk Fridenin sözlərinə görə danışıqlar iyuladək davam edə bilər.
Yunanıstanın borc məsələsinin həlli ilə bağlı Almaniyanın təklif etdiyi plan isə avrozona ölkələrinin regionun maliyyə sektorunun xilası üçün daha 20 milyard avro ayırmağa məcbur olması ilə nəticələnə bilər. Avropa Komissiyasının məruzəsində belə deyilir. Verilən məlumata görə bu ölkəyə ayrılan beynəlxalq kreditlərin ödənilməsi müddətinin uzaldılmasından sonra yunan banklarının yenidən kapitallaşdırılması üçün əlavə vəsait tələb olunacaq. Çünki borcun ödənilməsi müddətinin uzadılması reytinq agentlikləri tərəfindən «seçki defoltu» kimi səciyyələndiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: