Yunan seçicilər “Müxalifət” – dedi
05 Oktyabr 2009 Bazar Ertəsi 00:30
Seçkilərin qalibinin müxalifətçi “Ümumyunanıstan Sosialist Hərəkatı”nın lideri Georgios Papandreu olacağı güman olunur
Ötən gün Yunanıstanda keçirilən parlament seçkiləri yerli vaxtla saat 19.00-da başa çatıb. Eksit-polun ilkin nəticələrinə görə, bu seçkilərin qalibi müxalifətçi “Ümumyunanıstan Sosialist Hərəkatı”nın lideri Georgios Papandreu olacaq. Qeyd edək ki, 300 millət vəkilinin müəyyənləşəcəyi parlament seçkilərində Qərbi trakyalı 14 türk namizəd də bu ad üçün mübarizə aparıb. Yerli teekanalların qənaətinə görə, “Ümumyunanıstan Sosialist Hərəkatı” millət vəkili sayına görə heç bir koalisiya ortağına ehtiyac olmadan hökuməti qura biləcək.
Xatırladaq ki, Georgios Papandreu eyni adlı babası və Yunanıstanda 3 dəfə baş nazir olmuş atasından sonra, eyni nəsildən bu vəzifə uğrunda mübarizə aparan üçüncü qurşağın nümayəndəsidir. 1981-ci ildən sonra parlamentin mütəmadi üzvü olmuş Papandreu 2 dəfə xarici işlər nazirinin müavini, 1 dəfə mədəniyyət nazirinin müavini, 1 dəfə təhsil naziri və bir müddət də xarici işlər naziri vəzifəsində işləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: