Yuliya Timoşenkonun həbsxana həyatından kadrlar yayıldı
15 Dekabr 2011 Cümə Axşamı 11:24
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko bel ağrılarından gəzə bilmir.
İnternetdə Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun ən son kadrları yayılıb. "Youtube" video portalına yerləşdirilmiş kadrlarda Timoşenkonun Kiyev həbsxanasında xəstəxana kamerasında uzandığı görünür. "Marrapetta" adlı istifadəçinin yerləşdirdiyi videonun çəkilmə tarixi göstərilmədiyindən, kadrların nə vaxt çəkildiyi məlum deyil.

Videoyazıda görünür ki, 260-cı palataya bir qrup ağ xalatlı adam daxil olur, Yuliya Timoşenko isə üzərinə adyal örtərək divanda uzanıb. Onun vəziyyətinin necə olduğunu demək çətindir. Bildirilir ki, Timoşenko Səhiyyə Nazirliyinin əməkdaşlarına özünü müayinə etməyə icazə vermir. Sabiq baş nazirin kamerasında plazma televizorun, xalçaların, kondisioneri və duş kabinəsinin olduğu görünür.

Timoşenkoda fəqərələrarası yırtıq aşkar edildiyi bildirilir. Timoşenkonun qızı Yevgeniya iddia edir ki, anası bel ağrılarına görə gəzə bilmir. Timoşenkonun vəkilləri isə onun həbsxanadan kənarda təcili müalicə edilməli olduğunu bildirirlər. Lakin Ukraynanın dövlət penitensiar xidməti Timoşenkoya qoyulan diaqnozun onun həyatı üçün təhlükə törətmədiyinə əmindir.

Dünən Kiyev Apellyasiya Məhkəməsi Yuliya Timoşenkonun həbsdən çıxarılmasından imtina edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar