Bu gün Moskva məhkəməsində hazırda 8 illik həbs cəzası çəkən «Yukos» neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskiyə qarşı qaldırılmış yeni cinayət işi ilə bağlı ilkin məhkəmə dinləməsi keçirilib. Qeyd edək ki, hazırki cinayət işinə görə, Mixail Xodorkovski «Yukos» və digər şirkətlərin filialları vasitəsilə neftdən gələn külli miqdarda vəsaiti- 892 milyard rublu qanunsuz olaraq mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, «Forbes» jurnalı vaxtilə Xodorkovskinin varidatını 15 milyard dollar həcmində qiymətləndirmişdi. «Yukos» prezidenti Kremlin siyasətini açıq şəkildə tənqid edərək həmin vaxt prezident postunu tutan Vladimir Putinə müxalif olan qüvvələrə maliyyə yardımı göstərdikdən sonra hakimyyət dairələrinin qəzəbinə tuş gəlib. O, 2005-ci ildə fırıldaq və vergidən yayınma maddələri ilə 8 il azadlıqdan məhrum edilib.
Çoxları bunu Kremlin strateji enerji sektoruna nəzarəti gücləndirmək və siyasi ambisiyalarına görə, Mixail Xodorkovskini cəzalandırmaq cəhdi kimi dəyərləndirib. Qeyd edək ki, bu gün Mixail Xodorkovskiyə qarşı açılmış yeni cinayət işinə etiraz əlaməti olaraq məhkəmə binası qarşısında piket keçirməyə çalışan 10 nəfər saxlanıb. /ANS TV/