Yeqor Qaydar vəfat edib
16 Dekabr 2009 Çərşənbə 13:40
Rusiyanın məşhur iqtisadçısı, ötən əsrin 90-cı illərinin əvvəllərində baş nazir səlahiyyətlərini icra etmiş politoloq Yeqor Qaydar 54 yaşında vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, köməkçisi Gennadi Volkov onun tromb qopması nəticəsində öldüyünü açıqlayıb. Dəfn tarixi hələlik müəyyənləşdirilməyib.
Y. Qaydar 1956-cı ildə doğulub. Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1980-ci ildə iqtisad elmləri namizədi, 1990-cı ildə iqtisad elmləri doktoru elmi dərəcələrini alıb. Y. Qaydar Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri sayılır. 1990-cı illərdə hökumətdə önəmli vəzifələrdə çalışan Y. Qaydar müstəqil Rusiyanın ilk maliyyə naziri olub, daha sonra baş nazirin 1-ci müavini və baş nazir səlahiyyətlərinin icraçısı vəzifələrini tutub. Özəlləşdirmə prosesi məhz Y. Qaydarın rəhbərliyi ilə başlanıb. Hökumətdən getdikdən sonra 1994-2001-ci illərdə “Demokratiçeskiy vıbor Rossii” Partiyasının lideri olub. 2001-2003-cü illərdə isə “Soyuz Pravıx Sil”in tərkibində fəaliyyət göstərib. APA
DOSTLARINLA PAYLAŞ: