Yəmən prezidenti xalqa müraciət edib
25 Mart 2011 Cümə 16:54
Əli Abdulla Saleh hakimiyyəti təhvil verməyə hazır olduğunu deyib
Yəməndə hökuməti dəstəkləyən nümayiş keçirilib. Yəmən prezidenti Əli Abdulla Saleh öz tərəfdarları qarşısında çıxış edərək xalqa müraciət edib. Saleh qan tökülməsinin qarşısını almaq üçün hakimiyyəti "etibarlı əllərə" verməyə hazır olduğunu bəyan edib. "Biz hakimiyyət istəmirik, amma hakimiyyəti təsadüfi, rüşvətxor əllərə deyil, etibarlı əllərə verməliyik. Hakimiyyəti təhvil verməyə hazırıq, amma yalnız etibarlı əllərə." - sitatın sonu.

Bu arada, minlərlə Saleh əleyhdarı paytaxt Sənanın digər hissəsində toplaşıb. Müxalifət bu gün geniş-miqyaslı hökumət-əleyhinə nümayiş keçirməyə planlaşdırır. Nümayişçilər prezidentin dərhal istefaya getməsini tələb edirlər. Müxalifət bu günü "istefa cüməsi" adlandırıb və Salehin bu gün hakimiyyətdən getməsini tələb edib. Sənaya aparan yollarda təhlükəsizlik tədbirləri gücləndirilib, şəhər ətrafında əlavə yoxlama məntəqələri yaradılıb.

Şəhərin mərkəzində isə general-mayor Əli Möhsün əl-Əhmarın qoşunları yerləşdirilib. General bəyan edib ki, onun hərbi qüvvələri dinc nümayişlərin iştirakçılarını qoruyacaq. Xatırladaq ki, Yəmən prezidentinin yaxın dostu olan general Əl-Əhmar bu yaxınlarda müxalifət sıralarına keçdiyini bəyan etmişdi. 32 ildir ki, Yəməni idarə edən Əli Abdulla Salehin ötən gün general Əli Möhsün əl-Əhmarla görüşərək, öz istefasına dair müzakirə apardığı barədə məlumat yayılıb. Yəmən mətbuatının yazdığına görə, Salehin istefası şərtləri artıq hazırlanıb və istefa keçid dövrü hökumətinin elan edilməsindən dərhal sonra baş verə bilər. Bəzi mənbələr isə prezident Salehin də, general əl-Əhmarın da elə sabah istefaya gedəcəklərini yazır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar