Yəmən prezidenti 30 gün ərzində istefaya getməyə razılaşdı
24 Aprel 2011 Bazar 01:44
Hakim partiya vasitəçilərin həll planını qəbul edib.
Yəmənin hakim Ümummili Xalq Konqresi Partiyası Fars körfəzi ölkələri tərəfindən hakimiyyətin ötürülməsi və ölkədə siyasi qarşıdurmanın dayandırılması planını qəbul edib. Bu barədə məlumatı “Reuters” agentliyi partiyanın rəsmi nümayəndəsi Tarik Şamiyə istinadən yayıb. Həll planı prezident Əli Abdulla Salehin istefasını nəzərdə tutur.

“Partiya Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq Şurasını (Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı) onların təşəbbüsünü tam qəbul etməsi barədə məlumatlandırıb”, - deyə Tarik Şami bildirib.

Yəmən böhranında vasitəçi kimi çıxış edən Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq Şurasının aprelin 20-də təqdim etdiyi plan milli birlik hökumətinin yaradılmasını və Əli Abdulla Salehin 30 gün ərzində istefasını nəzərtə tutur. Hökumət formalaşdırıldıqdan sonra prezident səlahiyyətlərini vitse-prezidentə verəcək, müxalifət isə nümayişləri dayandıracaq. Əli Abdulla Saleh məhkəmə təqibi immuniteti də almalıdır.

Əli Abdulla Saleh Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq Şurasının planını dəstəklədiyini cümə günü tərəfdarları qarşısında çıxışında da bildirmişdi. Bununla belə, o, bəyan etmişdi ki, səlahiyyətlərinin 2013-cü ildə bitməsini nəzərdə tutan Konstitusiya çərçivəsində hərəkət edəcək.

Müxalifət koalisiyası da planı dəstəklədiyini bəyan edib. Amma müxalifət milli birlik hökumətində iştirak etmək niyyətində olmadığını da açıqlayıb. Bundan başqa, hakimiyyət əleyhdarlarını Əli Abdulla Saleşə immunitetin verilməsi müddəası da razı salmayıb.

Xatırladaq ki, fevralın əvvəllərindən Yəməndə ölkəyə 1978-ci ildən rəhbərlik edən Əli Abdulla Salehin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Hökumət qoşunları nümayişlərin dağıdılması üçün silahdan istifadə edir. Qərb KİV-inin məlumatına görə, ötən iki ay ərzində kütləvi etirazlar zamanı 120-dən çox adam ölüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar