Yəmən müxalifəti Salehi istefaya göndərməyə çalışır
24 Mart 2011 Cümə Axşamı 05:52
Əli Abdullah Saleh isə 2013-cü ilin əvəzində bu ilin sonuna qədər yeni prezident seçkilərinin keçirilməsi təklifini irəli sürüb
Yəmən prezidenti Əli Abdullah Saleh 2013-cü ilin əvəzinə bu ilin sonuna qədər yeni prezident seçkilərinin keçirilməsi təklifini irəli sürüb. Müşahidəçilərin fikrincə, bununla 32 ildir ölkəyə rəhbərlik edən Saleh iki aydır ki, onun istefasını tələb edən nümayişçilərlə kompromis əldə etməyə çalışır. Lakin, müxalifət növbəti dəfə ölkə başçısının təklifini rədd edərək onun prezident postundan getməsini tələb edib.
Qeyd edək ki, son günlər Salehdən silahlı qüvvələrin yüzlərlə zabiti, səfirlər, siyasətçilər və tayfa başçıları üz döndərib. Səna universitetinin qarşısında çıxışında müxalifətə qoşulmuş zabitlərdən biri “Biz prezidenti Yəmən xalqının öz təmsilçisini seçməsi üçün vicdanının səsinə qulaq verərək ölkəni tərk etməyə çağırırıq” deyib.
Bir qədər öncə isə Yəmən müxalifəti hakim rejimlə fikir ayrılığında olan hər kəsi cümə günü küçələrə çıxmağa çağırıb. Müxalifət həmin cümənin Salehin idarə etdiyi son gün olması niyyətindədir.
DOSTLARINLA PAYLAŞ: