Yaşamaq üçün ən yaxşı yer seçildi
24 Fevral 2011 Cümə Axşamı 11:21
140 şəhərin adı olan siyahıya Vankuver liderlik edir
Həyat tərzi ən yüksək səviyyədə olan, yaşamalı ölkələrin reytinq siyahısı hazırlanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, siyahı "Economist Intelligence Unit" nüfuzlu araşdırma xidməti tərəfindən tərtib edilib.
140 şəhər adının yer aldığı siyahıda yaşayış keyfiyyətinə görə Kanadanın Vankuver şəhəri 2011-ci ilin ən yaxşı şəhəri seçilib. 2010-cu ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Vankuver artıq 5-ci dəfədir ki, bu ada layiq görülür. Şəhər 100 mümkün xaldan 98-ni toplayıb.
İkinci pillədə Avstraliyanın Melburn şəhəri gəlir. Üçlüyü isə Avstryanın paytaxtı Vyana bağlayır.
Siyahının növbəti yerlərində Kanadanın Toronto, Kalqari, Finlandiyanın paytaxtı Helsinki, Avstraliyanın Sidney, Pert, Adeliada, Yeni Zellandiyanın Oklend şəhərlərinin adları var.
Dünyanın ən yaxşı şəhərlərindən hesab edilən Los Anceles 44-cü, Nyu-York 56-cı, London 53-cü, Paris 16-cı yerdə qərarlaşıb. Asiya qitəsində yaşamaq üçün ən yaxşı yer isə Yaponiyanın Osaka şəhəri (12 yer) seçilib.
Ən son pillədə isə Zimbabvenin Harare şəhəri durur.
Qeyd edək ki, siyahının hazırlanmasında iqtisadi, sosial, mədəni, ekoloji parametrlər, o cümlədən şəhər xidmətinin ümumi stabilliyi, tibbi xidmətin səviyyəsi, təhsil sistemi, nəqliyyat infrastrukturu, havanın və suyun təmizlik göstəriciləri, eləcə də istirahət-əyləncə sahəsinin inkişafı nəzərə alınıb.
DOSTLARINLA PAYLAŞ: