Yaponlar fəzaya balıqçı toru atacaq
05 Fevral 2011 Şənbə 05:40
Bu addım fəzada olan tullantıların peyklərə çırpılaraq dünyada olan rabitəni iflic etmə riskinə qarşı atılır
Yaponya kosmik agentliyi (JAXA) kosmosda olan zibilləri yığışdırmaq məqsədilə kosmosa böyük bir balıqçı toru atacaq. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, yaponlar bu addımı fəzada olan tullantıların peyklərə çırpılaraq dünyada olan rabitəni iflic etmə riskinə qarşı atırlar.
“Daily Telegraph” qəzeti bildirir ki, keçən il Pentaqon tərəfindən hazırlanan hesabatda istifadə olunmayan köhnə peyk və raket qalıqlarının yeni peyklərə çırpılaraq yer üzündə rabitəni iflic vəziyyətinə gətirə biləcəyi bəyan olunub.
JAXA və “Nitto Seimo Co” adlı şirkətin əməkdaşlığı ilə həyata keçiriləcək layihədə istifadə olunan tor incə metaldan hazırlanıb və onun eni bir neçə km olacaq.
Məlumata görə, tor xüsusi bir raket vasitəsilə yerin orbitinə yerləşdiriləcək, qarşısına çıxan kosmik tullantıları toplayacaq və bu iş bir neçə həftə davam edəcək. Daha sonra tora elektrik cərəyanı verilərək maqnit sahəsi yaradılacaq və yerə doğru çəkilən tor dünya atmosferində tullantılarla birlikdə yanaraq kül olacaq.
DOSTLARINLA PAYLAŞ: