Yaponiyanın qanlı qarı
09 Fevral 2014 Bazar 11:03
Son 20 ilin rekord qarı artıq 7 nəfərin həyatına son qoyub.
Yaponiyanın mərkəz hissəsində son 20 ildə ən güclü qar yağması nəticəsində ölən və xəsarət alanların sayı son sutka ərzində 2 dəfə artıb.
ANS PRESS-in Yaponiyanın "NHK" telekanalına istinadən verdiyi məlumata görə, güclü qar artıq 7 nəfərin həyatına son qoyub. 30 prefekturada ümumilikdə 1000-dən çox adamın da xəsarət aldığı bildirilir. Çovğun zamanı xəsarət alanların çoxu Kanaqava prefekturasının və paytaxt Tokionun sakinləridir. Yüzlərlə insan sürüşərək müxtəlif xəsarətlər alıb.
Tokioda və ona aid olan rayonlarda güclü qar dünən səhər saatlarında yağmağa başlayıb. Bəzi yerlərdə qarın hündürlüyü 27 santimetrə çatır ki, bu da son 45 ildə rekord göstərici hesab edilir. Qarlı hava şəraiti 3 prefekturada 61 minə yaxın yaşayış evində elektrik enerjisinin kəsilməsinə səbəb olub. Fukusima prefekturasında 3500-dən çox evin işıqsız qaldığı, lakin "Fukusima-1" atom-elektrik stansiyasının işində durğunluğun yaranmadığı bildirilir.
Yaponiyanın Milli Meteoroloji Agentliyi son 13 ildə ilk dəfə Tokionun 23 rayonunun hamısı üçün xəbərdarlıq elan edib. Ölkənin aparıcı avia şirkətləri 300-dən çox aviareysin təxirə salındığını bəyan edib. Yaxın sutkalar ərzində Tokio və digər bölgələrdə qarın yağmağa davam edəcəyi, bəzi yerlərdə qarın hündürlüyünün 50 santimetrə çatacağı proqnozlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: