Yaponiyada sunami qurbanları yad edildi
11 Mart 2012 Bazar 14:25
Yerli vaxtla saat 14:46-da bir dəqiqəlik sükut olub
Bu gün bütün Yaponiyada ötən il baş vermiş dağıdıcı zəlzələ və sunami qurbanlarının xatirəsi yad edilib. 19 mindən çox insanın ölümünə səbəb olmuş təbii fəlakət qurbanları zərər çəkmiş Rikuzentakata şəhərində yerli vaxtla saat 14:46-da bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində Yaponiya imperatoru və xanımı, Yaponiyanın baş naziri və digər rəsmilər də iştirak ediblər. İmperator Akihito sunami qurbanlarının xatirəsinə həsr olunmuş memorial abidənin önündə tənzim edib. İnsanlar ölənlərin ruhuna şamlar yandırıb, memoriala güllər qoyublar.
Qeyd edək ki, bir il əvvəl Rixter cədvəli ilə 9 bal gücündə zəlzələ və ondan sonra gələn sunami Yaponiyanın şimal-şərqinə ciddi ziyan vurub. Hazırda sunaminin vurduğu ərazilərdə dağıntıların təmizlənməsi hələ də davam edir. Təbii fəlakətin vurduğu ziyan bəzi regionlarda hələ uzun illər hiss ediləcək. Bərpa işləri də gedir. Yaponiyanın şimal-şərqinin sakinləri, xüsusilə də Fukusima və Miyaqi kimi prefekturaların sakinləri hələ də müvəqqəti yaşayış məntəqələrində yaşayırlar. Evakuasiya mərkəzlərində hələ 780-ə yaxın adam, müvəqqəti evlərdə isə 310 min adam qalır.
Bölgədəki "Fukusima-1" atom-elektrik stansiyasında baş verən qəza isə "Çernobıl" fəlakətindən sonra ən dəhşətli nüvə fəlakəti sayılır.
DOSTLARINLA PAYLAŞ: