Yaponiyada şüalanma səbəbi ilə 140 min nəfər təxliyə edilib
13 Mart 2011 Bazar 12:50
Daha 30 min nəfərə Fukusimadan köçmək göstərişi verilib.
Yaponiyanın Fukusima prefekturasından evakuasiya edilən sakinlər şüalanma səviyyəsini üzə çıxarmaq məqsədilə test edilib. Könüllü olaraq testdən keçməyə gələnlər də olub. Fukusimadan 140 min sakin evakuasiya edilib, daha 30 min nəfərə yaşayış yerlərindən köçmək göstərişi verilib. Fukusima atom elektrik stansiyasının zədələnmiş 1-ci və 3-cü bloklarında havalandırma funksiyasının sıradan çıxdığı bildirilir, 2-ci bloka isə ziyan dəyməyib. Son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 2000 nəfəri keçib. Dağıdıcı zəlzələdən zərər çəkmiş Yaponiyaya dünya ölkələri xilasedici və mütəxəssislər göndərməyə davam edir. Avstraliya bu səhər Yaponiyaya yanğınsöndürən mühəndisləri, həkim və paramediklərdən ibarət axtarış-xilasetmə qrupu göndərib. Sidneydən havaya qalxan təyyarələrdə radiasiya detektorları və digər təchizat göndərilib. Heyət Brisben şəhərində yerə enərək əlavə köməkçilər götürəcək. Avstraliyanın baş naziri Culiya Qillard ehtiyac olacağı təqdirdə əlavə yardım edəcəyini bildirib.
Bu ərəfədə Yaponiyada yeni zəlzələ qeydə alınıb. Rixter cədvəliylə 6,4 bal gücündə yeni zəlzələ sakit okeanda, Tiba prefekturasının yaxınlığında baş verib. Yeraltı təkanlar paytaxt Tokioda və daha 15 prefekturada da hiss edilib. Yaponiyanın Milli Meteorologiya İdarəsi ölkənin sakit okean sahillərində yeni sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, son 2 sutkada Yaponiyada 3-7 bal arası 280-dən çox zəlzələ baş verib. Ekspertlər insanların həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər. Amma ölkənin şimal-şərq sahillərində vəziyyət gərgin olaraq qalır. Bu ərəfədə Yaponiya rəhbərliyi martın 11-də baş vermiş zəlzələnin gücünü ilkin olaraq göstərilən 8.9 bal deyil 9 bal olduğunu bildirib. Fəlakət zonasında zərərçəkmişlərə yardım üçün 100 mindən çox hərbçi cəlb edilib. Ən son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 1700 nəfəri keçib. Yüzlərlə adam hələ də itkin hesab edilir.
Ötən gün Fukusima perfekturasında atom elekrtik stanisiyasında baş vermiş qəza nəticəsində radiasiyanın səviyyəsi normal göstəricləri üstələyir. Stansiya rəhbərliyi artıq hökumətə yaranmış vəziyyətlə bağlı hesabat göndərib. Radiasiya sızıntısı reaktorun 3-cü blokunda qeydə alınıb. Soyutma sisteminin sıradan çıxması nəticəsində 19 nəfərin şüalanmaya məruz qaldığı bildirilir. Artıq stansiyaya yaxın ərazidən 140 min nəfər evakuasiya edilib. 20 kilometr radiusda hərəkət qadağan edilib. Yeri gəlmişkən, Tokio elektrik şirkəti Fukisamada yerləşən Dai İçi zavodunun birinci hissəsinin partlayışdan sonrakı görüntülərini yayımlayıb. Şəkildə partlayşın binanı darmadağın etdiyi öz əksini tapıb. Yaponiya hökuməti isə partlayışdan sonra ərazidə radiasiyanın səviyyəsinin azaldığını deyir. Maraqlıdır ki, Yaponiya hökumətinin üzvü Yukio Edo partlayışdan sonra radiasiyanın niyə aşağı düşdüyü məsələsinə aydınlıq gətirməyib.
Bu ərəfədə MAQATE rəhbəri Yukioya Amano zavodda baş vermiş partlayışa və nüvə sızmasına münasibət bildirib.
“MAQATE Yaponiya rəsmiləri tərəfindən məlumatlandırılıb. Bizdə olan məlumata görə, partlayış əsas blokdan kənarda baş verib. Onun bütöv olduğu təsdiqlənir. MAQATE-yə məlumat verilib ki, əsas hissədə hər hansı zədədən yayınmaq üçün ora dəniz suyu ilə boru yeridilib. Ümid edirəm ki, dəniz suyu uğurla oraya yeridiləcək və zavodun təhlükəsizliyi tam bərpa ediləcək”, - deyə o bildirib.