Yaponiyada radiasiya təhlükəsi artır
27 Mart 2011 Bazar 13:54
"Fukusima-1" AES-də suda radiasiya səviyyəsi normadan 10 milyon dəfə çoxdur.
Yaponiyada "Fukusima-1" atom-elektrik stansiyasının 2-ci enerji blokunun suyunda radiasiyanın səviyyəsi normadan 10 milyon dəfə artıqdır. Bunu stansiyanın operatorluğunu icra edən TEPCO şirkəti açıqlayıb.
Yaponiya nüvə və sənaye təhlükəsizliyi agentliyinin məlumatına görə, suda radiasiya səviyyəsinin kəskin şəkildə artmasına 2-ci reaktorun aktiv zonasından radiasiya sızması səbəb ola bilər.
AES-in 2-ci reaktorunda iş tamamilə dayandırılıb, işçilər evakuasiya edilib. Fukusima prefekturasındakı su mənbələrində də radioaktivliyin normadan 1850 dəfə artıq olduğu bildirilir. "Fukusima-1" atom-elektrik stansiyasının 6 reaktorundan beşinin nəzarət zallarında işıqlandırma bərpa edilib. Yalnız daha çox zərər çəkmiş 4-cü enerji bloku işıqsız qalır. Əsas hədəf hələ də qəza vəziyyətində olan reaktorların sərinlədilməsidir. Mütəxəssislər 1, 2 və 3-cü reaktorlara preslənmiş su səpməyə hazırlaşırlar. Daha əvvəl isə bu məqsədlə duzlu dəniz suyundan istifadə edilirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: