“Yaponçik”i güllələyiblər
29 İyul 2009 Çərşənbə 10:05
Moskvada dünyanın ən məşhur kriminal avtoritetlərindən Vyaçeslav İvankovu (“Yaponçik”) güllələyiblər. APA-nın məlumatına görə, “qanuni oğru” xəstəxanaya aparılıb, onun vəziyyəti ağırdır.
Avtoritetə Xoroşevski şosesi, 25 ünvanında yerləşən restorandan çıxan zaman atəş açıblar. Killer restoranın qarşısında gözləyib və “Yaponçik” içəridən çıxan zaman ona atəş açıb. Güllə “qanuni oğru”nun qarın nahiyəsinə dəyib. Hadisə yerinə dərhal milis əməkdaşları gəlib. Axtarış zamanı kafenin yaxınlığında dayanmış “Qazel” maşınından optik nişangahı olan snayper tüfəngi və giliz aşkarlanıb. Botkin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən “qanuni oğru”nun vəziyyəti stabil-ağırdır. Həkimlər güllənin “Yaponçik”in yoğun bağırsağını ciddi şəkildə zədələdiyini bildirirlər. Əməliyyat üçün Botkin xəstəxanasına peşəkar uroloq çağırılıb.
Federal Təhqiqat Bürosunun versiyasına görə, “Yaponçik” 90-cı illərinə əvvəllərində Amerikada rus mafiyasının lideri olub. O ABŞ-da “Çara” bankının rəhbərliyindən haqq aldığına görə həbs edilib və 9 il Amerikanın “Allenvud” həbsxanasında yatıb. 2004-cü ilin yayında Rusiyaya deportasiya olunan Vyaçeslav İvankov tezliklə burada həbs olunur. Ona qarşı iki türk iş adamını qətlə yetirmək maddəsi ilə ittiham irəli sürülür. Lakin məhkəmə “Yaponçik”ə bəraət verir. Vyaçeslav İvankovun Tariyel Oniani və Aslan Usoyanın “qanuni oğru” klanları arasında münaqişənin həllində iştirakı barədə məlumatlar səslənir. Bundan başqa “Yaponçik” ötən ilin payızında Moskva restoranlarından birində 12 avtoritetə “qanuni oğru” adı verilməsi mərasimində iştirak edib.
DOSTLARINLA PAYLAŞ: