Yanukoviç artıq özünü prezident kimi aparır
09 Fevral 2010 Çərşənbə Axşamı 21:10
Regionlar Partiyasının lideri Yanukoviçi ilk olaraq Rusiya prezidenti təbrik edib
Ukraynadakı prezident seçkilərinin ikinci turu Regionlar Partiyasının sədri Viktor Yanukoviçi qalib çıxarıb. İndi bütün nəzərlər fevralın 17-nə, Ukrayna Mərkəzi Seçki Komissiyasının seçkinin yekun nəticələrini açıqlayacağı günə yönəlib. Viktor Yanukoviçi ilk təbrik edən gözlənildiyi kimi Rusiya prezidenti olub. Digər namizəd Yuliya Timoşenkonun isə seçkilərlə bağlı bu gün xalqa müraciət edəcəyi gözlənilir.

Ukraynada keçirilən prezident seçkisinin ikinci turunda səslərin 99,98 faizi artıq sayılıb. İlkin nəticələrə görə, Regionlar Partiyasının lideri Viktor Yanukoviç 48,96, Yuliya Timoşenko isə 45, 47 faiz səs toplayıb. Beləliklə, namizədlər arasında fərq cəmi 3,5 faiz olub. Artıq öz məblubiyyəti ilə razılaşmayan Yuliya Timoşenko səsvermənin nəticələri ilə bağlı məhkəməyə müraciət etməyi qərara alıb. Yuliya Timoşenko Bloku hesab edir ki, Donetsk, Luqansk vilayətlərində və Krımda bir milyondan çox seçki bülleteni Viktor Yanukoviçin xeyrinə saxtalaşdırılıb.

Viktor Yanukoviçin qərargahından isə bildirilib ki, nəticələrə yenidən baxılması ancaq vaxt itkisidir və bu yalnız Yanukoviçin inauqurasiya mərasimini 2-3 həftə gecikdirə bilər. Ukraynada keçirilən prezident seçkisinin ikinci turunda qalib gəlmiş Regionlar Partiyasının lideri Viktor Yanukoviçin yüzlərlə tərəfdarı isə namizədlərinin rəsmən qalib elan olunması tələbi ilə bu gün yenidən Mərkəzi Seçki Komissiyasının binası qarşısına toplaşıb. Onlar Yuliya Timoşenkonu seçkinin nəticəsini qəbul etmədiyinə görə tənqid edib. Qeyd edək ki, yeni seçilmiş prezidentin inauqurasiyası isə mart ayında keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar