İvo Yosipoviç və xanımı İçəri Şəhərlə tanış olublar.
Xorvatiya Respublikasının prezidenti İvo Yosipoviç və xanımı İçəri Şəhərlə tanış olublar. “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qonaqları qarşılayan idarənin rəisi Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İçəri Şəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçəri Şəhərin qorunmasında rolu barədə danışıb.
Qonağın Bakının qədim hissəsi ilə tanışlığı YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Bakının simvolu əzəmətli Qız Qalası abidəsinin qeyri adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlamış və yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıqla davam edib.
İvo Yosipoviç Qədim Bakının ticarət əlaqələrindən xəbər verən karvansaralardan biri olan XV əsrin yadigarı Buxara karvansarasında olmuş, ona karvansaralar və onların təyinatı barədə informasiya verilib.
Gəzinti elektromobillərlə davam edib, Kiçik Qala küçəsində cənab prezident Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.
Daha sonra nadir memarlıq incisi olan “Şirvanşahlar Sarayı Kompleksi” ndə olan qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib.
2002-ci ildən fəaliyyət göstərən Miniatür kitab muzeyində olan qonaq muzeyin zəngin ekspozisiyası ilə də tanış olub.
Cənab prezident İçəri Şəhər ərazisində dünya əhəmiyyətli üç abidədən biri olan Məhəmməd Məscidində olub və ötən il burada başa çatmış muzey konservasiyası işləri barədə məlumat qonağın diqqətinə çatdırılıb.
Sonda Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda rəssamlar tərəfindən müxtəlif üslublarda hazırlanmış hücrələrə tamaşa etmiş və İçəri Şəhərin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.