Xorvatiya Avropa İttifaqının bir addımlığında
01 Dekabr 2011 Cümə Axşamı 22:32
Avropa Parlamenti ölkənin quruma daxil olmasını təqdir edib.
Avropa Parlamenti bu gün keçirilən plenar iclasda Xorvatiyanın Avropa İttifaqına daxil olmasını təqdir edib. ANS PRESS-in “RBK”ya istinadən verdiyi xəbərə görə, müvafiq qərarın lehinə 564, əleyhinə 38 deputat səs verib, 32 deputat isə bitərəf qalıb.
Səsvermənin müsbət nəticələnməsinə baxmayaraq, Avropa Parlamenti Zaqrebi qalan problemləri həll etməyə çağırıb. Belə ki, Xorvatiya əsasən ədliyyə sahəsində olmaqla, bir sıra islahatlar keçirməyi öhdəsinə götürüb. Zaqreb xüsusən də fundamental vətəndaş hüquqları və azadlıqları ilə bağlı vəziyyəti yaxşılaşdırmağı, habelə korrupsiya səviyyəsini azaltmağı vəd edib.
Xorvatiya ilə Avropa İttifaqının atacaqları növbəti addım ölkənin ittifaqa daxil olması haqqında sazişin imzalanmasıdır. Bu isə dekabrın 8-9-da baş tutacaq. Saziş Avropa İttifaqı üzvü olan bütün 27 ölkə tərəfindən ratifikasiya olunmalıdır. Məhz bundan sonra Xorvatiya 2013-cü ilin iyulunda Avropa İttifaqına daxil ediləcək və qurumun 28-ci üzv ölkəsi olacaq.
DOSTLARINLA PAYLAŞ: