WikiLeaks yaradıcısının sevgi məktubu üzə çıxıb
18 Dekabr 2010 Şənbə 12:50
“Gawker” Culian Assancın 19 yaşlı qıza yazdığı məktubu dərc edib
Əsasən şayiələrə üstünlük verən “Gawker” saytı qalmaqalla məşhur olan “WikiLeaks” internet-resursunun yaradıcısı Culian Assancın Avstraliyadan olan 19 yaşlı qızın rəğbətini qazanmağa çalışdığı məktubunu dərc edib.

Məktub 2004-cü ildə yazılıb. Şərti olaraq Elizabet adlandırılan qızın nəşrə bildirdiyinə görə, onlar Melburn yaxınlığındakı barlardan birində tanış olublar. Elizabetin sözlərinə görə, tanışlıq onun təşəbbüsü ilə baş tutub və həmin zaman qızı 33 yaşlı Assancın digər oğlanlardan fərqli olması cəlb edib.

Lakin sonradan aralarında yaranan ünsiyyət zamanı o qızda sakit və zəhlətökən şəxs təəssüratı yaradıb. Bununla belə, bar bağlananadək söhbət ediblər, daha sonra Assanc qızı evlərinədək yola salıb. O yolda gözlənilmədən qızı öpüb, qız isə Assancın bu hərəkətinə kifayət qədər sakit yanaşıb. Daha sonra onlar bir-birinin elektron ünvanlarını götürüblər və sağollaşıblar.

Tezliklə Assanc Elizabetə məktub yazaraq onunla görüşmək istədiyini bildirib. Lakin qız nəşrə müsahibəsində ona nə cavab verdiyini xatırlamadığını və ehtimal ki, mənfi cavab verdiyini deyib. Daha sonra Assanc onun telefonunu öyrənib və qızın evinə zəng edib ki, bu da Elizabeti qəzəbləndirib. Bundan sonra Assanc qıza yeni məktub yazaraq Elizabeti ədəbsizlikdə ittiham edib və təkidlə qıza “qəribə dostluq” təklif etməyə başlayıb.

Elizabetin ona qarşı soyuq davrandığını görən Assanc qıza məktub göndərməkdə davam edib. Bir müddətdən sonra o bir daha qıza zəng vurub.

Daha bir neçə məktub yazdıqdan sonra Elizabet Assancdan daha ona zəng vurmamağı xahiş edib. Yalnız o zaman Assanc son mürəkkəb məktubunu göndərərək təslim olub.

“Gawker”in yazdığına görə, hazırda 25 yaşı olan Elizabet Assancı pis insan hesab etmir: “O sadəcə qəribə adamdır”.

Qeyd edək ki, hazırda Assanc İsveç hakimiyyəti tərəfindən seksual cinayətlərdə ittiham olunur və onun barəsində cinayət işi qaldırılıb. Assanc özü isə bu ittihamları rədd edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar