"WikiLeaks" sükutu pozdu
28 Dekabr 2010 Çərşənbə Axşamı 21:00
Bu dəfə "Həmas"ın səlahiyyətli şəxslərindən olan Əl Məbhuhun ölümü ilə bağlı sənədlər ortaya çıxıb
"WikiLeaks" bu dəfə "Həmas”ın səlahiyyətli şəxslərindən olan Əl Məbhuhun ölümü ilə bağlı sənədləri ortaya çıxarıb. Belə ki, saytın verdiyi materiallara əsasən, BƏƏ Əl Məbhuhun sui-qəsdinin detallarını gizli saxlamaq ya saxlamamaqda tərəddüd edirmiş. Hadisə ilə əlaqədar adı məlum olmayan Amerika diplomatının yazışmasına görə, BƏƏ sorğu göndərərək ABŞ-dan yardım istəyibmiş. Bundan başqa, həmin sənədlərdə şübhəli şəxslərin əksəriyyətinin kredit kartlarının Amerikanın Ayova ştatında fəaliyyət göstərən bank tərəfindən verildiyi bəlli olub. Məhz bununla bağlı olaraq Dubay polisi kart istifadəçilərinin kimliyini müəyyən etmək üçün Amerikadan “təcili” olaraq kömək istəyib. Amerikanın diplomatik nümayəndəlikləri sorğunu Federal İstintaq Bürosuna göndərərək Vaşinqtondan məsələnin tez bir zamanda həll edilməsini tələb edib.

Bir sözlə, təqdim edilən materiallarda "Həmas" üzvünə hücum edənlərin və MOSSAD-la bağlı dəqiq bir məlumat yoxdur.

Xatırladaq ki, “Həmas”ın mühüm şəxslərindən biri hesab edilən Mahmud əl Məbhuh Dubayda mehmanxana otağında qətlə yetirilib. Bu sui-qəsd İsrailin bir çox Avropa ölkələri və Avstraliya ilə arasını vurdu. Çünki əməliyyatda iştirak edən 10-dan artıq agentin İngiltərə, İrlandiya, Fransa, Almaniya və Avstraliyaya aid saxta pasportlardan istifadə edərək Dubaya daxil oluduğu məlum olmuşdu. Bununla bağlı hətta Avstraliya israilli diplomatı ölkədən qovmuşdu.








DOSTLARINLA PAYLAŞ:

oyunlar