Vyetnamda aləm bir-birinə dəydi
18 May 2014 Bazar 23:09
Vyetnamın Hoçi-Min şəhərində baş verən qanlı iğtişaşlardan sonra Çin Nəqliyyat nazirliyi təhlükədə olan həmvətənlilərinin təxliyəsi üçün ölkəyə əlavə 5 gəmi yollayıb.
ANS PRESS-in məlumatına görə, minlərlə çinli ölkədən çıxarılıb. Onlardan 16 nəfəri kritik vəziyyətdə evakuasiya olunub. Toqquşmalar dünən günorta saatlarında Vyetnamın bir sıra sənaye zonalarında baş verən anti-çin iğtişaşları zamanı yaşanıb.
Toqquşmalarda 2 çinli həlak olub, yüzlərlə insan yaralanıb. 100-dən çox sənaye müəssisəsinin binalarına ziyan dəyib, anbarlar yandırılıb. İğtişaşlarda iştirak edənlər əsasən Çin şirkətlərinə məxsus zavod və fabriklərdə çalışan yerli işçilər olub. Onlar bununla Çin Xalq Respublikasının Cənubi Çin Dənizinin mübahisəli sularında hökmranlıq siyasət aparmasına hiddət nümayiş etdirib.
Söhbət Çinin müstəsna olaraq Vyetnam iqtisadi zonasına aid sularda qurduğu qalmaqallı neft platformasından gedir. Qanlı iğtişaşlar xarici investorları və ölkənin avtoritar rəhbərliyini qorxuya saldığından hadisə yerinə minlərlə polis və təhlükəsizlik xidmət əməkdaşı göndərilib.
Hoçi-Mindən artıq iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən bir neçə nümayişçinin saxlanıldığı bildirilir.
DOSTLARINLA PAYLAŞ: